Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi XI Bakı Beynəlxalq Kitab Sərgisində öz nəşrlərini təqdim edib

Azərbaycanın
Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzi XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edərək, öz layihələri
çərçivəsində son illərdə nəşr olunmuş kitabları nümayiş etdirib.
Crossmedia.az xəbər verir ki, nəşrlər
arasında Azərbaycan ədəbiyyatının görkəmli klassikləri - Nizami Gəncəvi, İmadəddin
Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan və digər görkəmli
şəxsiyyətlərin əsərləri, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı xüsusi yer
tutmuşdur.
Bununla
yanaşı, Azərbaycan ilə Özbəkistan arasında mədəni əməkdaşlığa həsr olunmuş
araşdırmalar və nəşrlər də təqdim olunub.
Ziyarətçilər
Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin həyat və fəaliyyətini
işıqlandıran kitablarla da tanış olublar.
Mədəniyyət Mərkəzinin
direktoru Akif Marifli ziyarətçiləri sərgi ilə ətraflı tanış edib, nümayiş
etdirilən nəşrlərin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin zəngin irsini əks
etdirməklə yanaşı, iki qardaş ölkə arasında mədəni-humanitar əməkdaşlığın möhkəmlənməsinə
də xidmət etdiyini vurğulayıb. O qeyd edib ki, sərgi çərçivəsində, həmçinin Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə yubileyləri qeyd olunan klassik müəlliflərə
həsr olunmuş və mərkəz tərəfindən son illərdə hazırlanmış kitabların təqdimatları
da keçiriləcək.
22:29 02.10.2025
Oxunuş sayı: 599