2026-cı ildən vergi güzəştləri ləğv edilir: vətəndaşlar, kiçik və orta sahibkarlıq çətinliklərlə qarşılaşacaq

Prezident İlham Əliyevin çoxşaxəli siyasəti sosial-iqtisadi proseslərin müsbət dinamikada getməsini şərtləndirən əsas amildir. İqtisadi layihələr, sahibkarlığın inkişafına şərait yaradılması üçün atılan addımlar və imzalanan sərəncamlar dövlət başçısının bu sahəyə olan qayğısının göstəricisidir. Həmçinin İqtisadiyyat Nazirliyinin də bununla bağlı layihələri, müsabiqələri, sahibkarlara ünvanlanan tədbirləri təqdirəlayiqdir. Prezidentin dəstəyi sayəsində həyata keçirilən layihələr, tədbirlər kiçik və orta biznesin inkişafına ciddi zəmin yaratmaqdadır.
Dövlət başçısının iqtisadiyyatın inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü və müsbət çalışmalarla ziddiyyət təşkil edən, xalqı, sahibkarları düşünmədən təklif və qərarlar verən məmurların fəaliyyəti nəticəsində vergi sektorunda insanları narazı salacaq qərarlardan uzaq durmaq lazımdır.
2026-cı ildən veriləcək qərarla qüvvəyə minəcək 14% lik güzəştin ləğvi, müddət uzadılmayacağı təqdirdə kiçik və orta sahibkarlıq sektoruna ciddi təhdidlər yarada bilər.
2019-cu ildən qüvvədə olan və qeyri-dövlət sektorunda çalışanların 8.000 manata qədər əməkhaqqını gəlir vergisindən azad edən qərar gələn ilin əvvəlində ləğv edilir. 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu isə bu illə müqayisədə 29,05 % çoxdur.
Əvvəlcə xatırlayaq ki, həmin güzəşt təsadüfi şəkildə həyata keçirilmirdi. Dövlətin məqsədi kölgə iqtisadiyyatını azaltmaq, əmək münasibətlərini rəsmiləşdirmək, iş yerlərini “görünən” etmək idi. İnsanların maaşını tam kartla alması, işəgötürənin əməkdaşını rəsmi göstərməsi bu güzəştin ən böyük motivasiya vasitəsi idi.
Lakin bu qərarla işçilər üçün maaşın real həcmi azalacaq. Onsuz da inflyasiya, bahalaşma kimi problemlər gündəmdə idi. İndi üstəgəl 14 faiz vergi yükü maaşdan tutulacaq. Bu, birbaşa həyat səviyyəsinin aşağı düşməsi deməkdir.
Kiçik və orta biznes üçün də bu qərar böyük təhlükədir. Çünki onların bir çoxu hələ də dayanıqlı deyil, maliyyə yastığı zəifdir. İndi həm əlavə vergi, həm də sosial ödənişləri qarşılamaq məcburiyyəti onları ya qeyri-rəsmi işçi saxlamağa, ya da işçiləri ixtisar etməyə sövq edə bilər.
Kölgə iqtisadiyyatı yenidən güclənəcək. İnsanlar və biznesmenlər bir yolunu tapıb, əmək münasibətlərini gizlətməyə çalışacaqlar. Çünki bu yük real bazar şərtlərinə uyğun deyil. Belə çıxır ki, 7 illik islahatla qazanılan nəticələr indi bir qərarla risk altına atılır.
Büdcə üçün əlavə gəlir lazım ola bilər. Amma bu gəlirin səmərəsi onun yaradacağı narazılıqdan az olacaq. Vətəndaşla dövlət arasında etimad körpüsü vergi yükü ilə yox, ədalətli xərcləmə ilə qurulur. Dövlət qurumlarının izafi xərcləri azaldılsa, büdcəyə milyonlarla manat qənaət etmək mümkündür. Amma ən asan yol seçilir – vətəndaşların maaşına tətbiq edilən vergidir.
Kiçik və orta biznes nə etsin?
Reallıq budur ki, KOB sektoru buna hazır deyil. Onların bir çoxu rəsmi rəqabət mühitində deyil, yüksək xərclərlə işləyir. Bu qərar iş yerlərinin ixtisarına, əmək bazarının daha da kölgələşməsinə gətirəcək. Ən çox zərbə alan isə işçilər olacaq – ya maaş azalacaq, ya da işdən çıxarılacaqlar.
Sahibkarlara dəstək göstərən təşkilatlardan olan KOBİA bu məsələ ilə bağlı təkliflərlə, alternativ yollarla çıxış etməlidir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsinin birinci bəndində qeyd edilir:
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ölkədə mikro, kiçik və orta sahibkarlığın (bundan sonra - sahibkarlıq) inkişafını dəstəkləyən, onun tənzimlənməsində, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra - sahibkar) maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, sahibkarlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir.
Bu bütün KOB sektoru üçün olduqca böyük problemdir. Nizamnaməyə uyğun olaraq KOBİA bu sektorun maraqlarını təmin etməyə çalışmalı, inkişafına şərait yaratmalıdır.
Crossmedia.az mövzuyla bağlı ekspertlər arasında araşdırma aparıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov: “2026-cı ilin dövlət büdcəsi” qanun layihəsi Milli Məclisə daxil olmadığından büdcənin hansı maddələrində artım və ya azalmaların olacağı ilə bağlı fikir demək çətindir. Təbii ki, daha dolğun fikirləri büdcə zərfi əlimizdə olandan sonra ifadə etmək olar. Amma mətbuatda verilən bəzi açıqlamalara görə dövlət büdcəsinin gəlirlərində fiziki şəxslərdən gəlir vergisi üzrə daxilolmaların 29% artaraq 2 milyard 567 milyon olacağı bildirilir. Bu artım qeyri-neft sektorunda fiziki şəxslərdən tutulmalı olan gəlir vergisi güzəştlərinin müddətinin bitməsi ilə bağlı olduğunu hesab edirəm. Çünki 7 il idi ki qeyri-neft sektorunda fiziki şəxlərin gəlirinin 8 min manata qədər olan hissəsi vergiyə cəlb olunmurdu. 1 yanvar 2026-cı ildən isə fiziki şəxslərdən gəlir vergisi tutulmağa yenidən başlanacaq ki, bu da böyük bir rəqəmi ərsəyə gətirər”.
İqtisadçı Eldəniz Əmirov: “Düşünürəm ki, ilin sonuna doğru müvafiq qanunvericilik aktlarına dəyişikliyin edilməsi zamanı güzəştin müddətinin uzadılması baş verməyəcək. Bu baş verməsə belə güzəştin müəyyən məbləğinin saxlanılmasına ehtiyac var. Yəni bu gün 8000 manata qədər olan hissə gəlir vergisindən azaddırsa yanvarın 1-dən sonra heç olmasa minimum 1000 manatın vergidən azad edilməsi ilə bağlı qərarın qəbul edilməsi vacibdir. Çünki bu kateqoriyadan olan insanlar həssas qruplardır. Onların gəlir vergisindən azad olunması maliyyə dayanıqlılığının təmin olunması üçün çox vacibdir”.
“ReAl” partiyasının sədri Natiq Cəfərli: “Güzəştin ləğv edilməsi məsələsinin gündəmə gəlməsi təəssüf doğurur. Çünki bu biznesə və vətəndaşlara ciddi problem yaradacaq. Əgər 14% lik güzəştin müddəti uzadılmasa bu qeyri-neft sektorunda, özəl sektorda işləyən insanlara, biznesmenlərə ciddi təsir göstərəcək. Onların gəlirlərinin, hətta iş yerlərinin azalması müşahidə edilə bilər”.
Ayhan
14:58 25.09.2025
Oxunuş sayı: 6319