İlham Rəhimli: Teatrlar kommunal xərclərdən azad olmalıdır
Noyabrın 13-də Milli Məclisin Mədəniyyət komitəsi “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirə keçirib. Müzakirədə iştirak edən mədəniyyət xadimləri, mədəniyyətimizin müxtəlif istiqamətdə olan prolemlərindən danışıblar. Dinləmədə teatrlardakı problemlər və görülməli olan işlərlə bağlı təkliflər irəli sürülüb.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən teatrşünas İlham Rəhimli qeyd edib ki, teatrda bədii rəhbər, baş rejissor olmasa, həmin teatrın yolu, istiqaməti müəyyənləşməz: “Nəticədə qarışıqlıq yaranar, janr müxtəlifliyi meydana çıxar. Janr müxtəlifliyi deyəndə estetik baxımdan deyil, üslub baxımından müxtəlifliyi nəzərdə tuturam. Teatrın özünəməxsus üslubu pozular, qarışıqlıq yaranar. Məşqsiz komanda ola bilər? Təbii ki, xeyr. Orada çıxışımda qeyd etmişəm ki, birincisi, teatrlar kommunal xərclərdən azad olunmalıdır. İkincisi, teatrların bilet satışından əldə etdiyi gəlir vergiyə cəlb edilməməlidir. Üçüncüsü, xaricdə belə bir təcrübə var - siqaret və spirtli içkilərin satışından əldə olunan vəsaitin 1 faizi teatrların inkişafına ayrılır. Azərbaycan da bu üsuldan istifadə etsə, səmərəli olar. Bunları demişəm”.
Ayhan
13:40 16.11.2026
Oxunuş sayı: 86