NATO Rusiyaya qarşı "sürətli qələbə" planını təqdim edir
NATO Rusiyanın alyansın şərq cinahına mümkün hücumuna qarşı yeni strategiya hazırlayır. “Theory of Victory” – “Qələbə nəzəriyyəsi” adlandırılan sənədin məqsədi hipotetik Rusiya hücumu zamanı NATO-nun necə hərəkət edəcəyini müəyyənləşdirmək və mümkün hücumu sürətli şəkildə dəf etməkdir. NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı, ABŞ generalı Aleksus Qrinkeviçin hazırladığı sənədin oktyabrın 12-də Polşada təqdim ediləcəyi bildirilir. Strategiyada ənənəvi hərbi qüvvələrlə yanaşı dronlar, pilotsuz sistemlər və süni intellekt əsaslı texnologiyalardan istifadə nəzərdə tutulur. Sənədin hazırlanması NATO-Rusiya qarşıdurması fonunda alyansın şərq cinahının müdafiəsinə dair yanaşmaların yenidən nəzərdən keçirildiyini göstərir. Məlumata görə, mümkün hücum zamanı ilkin mərhələdə quru qoşunlarının və şərq cinahında mövcud digər imkanların Rusiya qüvvələrinin irəliləyişini dayandırması, daha sonra isə pilotsuz sistemlər və süni intellektlə dəstəklənən hədəfləmə imkanlarından istifadə edilməsi planlaşdırılır. Sənədin mahiyyəti isə yalnız hərbi cavab mexanizmləri ilə məhdudlaşmır; NATO bununla mümkün rəqibə alyansı məğlub etməyin mümkün olmadığı mesajını verməyə çalışır.
Bəs NATO-nun Rusiyanın şərq cinahına qarşı hazırladığı bu strategiya nə dərəcədə real nəticə verə bilər? Bu yanaşmanın tarixi analoqları varmı və NATO-nun öz daxilindəki fikir ayrılıqları belə bir planın uğur şansına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, Rusiyanın şərq cinahından NATO-nun zərbə endirməsi ideyası yeni nəzəriyyə deyil.

Politoloq vurğulayıb ki, bu yanaşmanın müəyyən tarixi paralelləri mövcuddur: “Rusiyanın şərq cinahından NATO-nun zərbə endirməsi ideyası yeni nəzəriyyə deyil. Bu, prinsip etibarilə Birinci Dünya müharibəsinin sonları və Rusiyada sosialist inqilabı zamanı, 1917–1920-ci illərdə Antantanın şərqdən Rusiyaya hücum layihəsinə bənzəyir. Xatırladım ki, 1917–1920-ci illəri əhatə edən bu layihə o zaman tam şəkildə uğursuzluğa düçar oldu və Antantanın məğlubiyyəti ilə nəticələndi. Köhnə bir layihənin yenidən dirçəldilməsinin hansı zərurətdən əmələ gəldiyini söyləmək çətindir. Lakin nəzərə almaq lazımdır ki, nə qədər bərbəzəkli məzmunda və adlar altında təqdim olunmasına baxmayaraq, bu gün Rusiyaya qarşı NATO-nun hazırladığı layihələrin hər hansı birinin ildırım sürəti ilə və çox qısa müddətdə uğur qazanmaq şanslarını yetərli görmürəm. Əlbəttə, bu o demək deyil ki, Rusiya heç də məğlubedilməz bir qüvvədir. Sadəcə səbəb bundan ibarətdir ki, Rusiya nə qədər zəif, köksüz və təməlsiz olsa da, qarşı tərəfdə — yəni NATO və Qərb arasında birlik yoxdur. Ukrayna timsalında biz görürük ki, Qərb və NATO nəinki sıx şəkildə birləşə bilmədi, əksinə, onların Ukrayna müharibəsinə baxışlarında ziddiyyətli mövqelər özünü göstərməyə başladı. Fakt odur ki, bu gün NATO dövlətlərinin heç də hamısı Ukrayna məsələsində Rusiyaya qarşı eyni münasibətdə deyil. Eləcə də Avropa ölkələri Ukrayna məsələsində Rusiyaya eyni münasibəti bəsləmirlər”.
Politoloq qeyd edib ki, NATO daxilində və Avro-Atlantik məkanda mövcud fikir ayrılıqları Rusiyaya qarşı hər hansı hərbi strategiyanın nəticəsinə birbaşa təsir edə bilər: “Ən ağır problem isə odur ki, Ukrayna müharibəsinə münasibətdə Amerika və əsas Avropa dövlətlərinin mövqeləri prinsipial şəkildə fərqlənir. Bu, Qərbin və Avro-Atlantik məkanın Rusiyaya münasibətdə qüvvələrinin parçalanması demək olduğuna görə, hər hansı bir layihənin uğur qazanmaq şanslarını o qədər də yüksək qiymətləndirmək çətindir. Ona görə də təqdimatı hazırlanan NATO-nun Rusiyanın şərq cinahına zərbə endirməsi layihəsi tarixi köklərə malik olsa da, onun ilkin variantı uğursuzluğa düçar olmuşdu. Yeni variantın isə uğur qazanması üçün çox ciddi və zəruri olan bir arqument çatışmır: bu da Avro-Atlantik məkanın birliyi problemidir. Avro-Atlantik məkanında birlik olmadığına görə Rusiyanın şərq cinahından zərbələr endirilməsi taktikalarının özünü doğrultmaq şansları demək olar ki, aşağıdır. Həm də unutmayaq ki, hazırda Rusiyanın şərq cinahında onun böyük müttəfiqləri olan Çin və Şimali Koreya da mövcuddur. Bunlar da vəziyyəti xeyli dərəcədə Rusiyanın xeyrinə dəyişə bilən amillərdir”.
Zeynəb Həsən
15:30 06.10.2026
Oxunuş sayı: 48