Ukrayna üçün qorxulu ssenari: Ya müharibəni indi dayandırmalıdır, ya da...
NATO-nun baş katibi Mark Rüttenin Ukraynaya silah tədarükü üçün nəzərdə tutulan maliyyə vəsaitinin tam toplanmadığı barədə açıqlaması Qərbin Kiyevə dəstəyinin gələcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, cəbhədə hərbi resurslara tələbatın artdığı bir vaxtda müttəfiqlərin vəd etdikləri maliyyə öhdəliklərini tam yerinə yetirə bilməməsi Ukraynanın müdafiə imkanları baxımından ciddi suallar yaradır. Bu vəziyyət həm də Qərb dövlətləri arasında müharibəyə yanaşmanın əvvəlki dövrlərlə müqayisədə dəyişib-dəyişmədiyi məsələsini gündəmə gətirir.
Digər tərəfdən, Avropa ölkələrində iqtisadi çətinliklər, müdafiə xərclərinin artması, daxili siyasi proseslər və seçki mübarizəsi Ukraynaya yardım məsələsinə də təsirsiz ötüşmür. Bəzi ölkələr Kiyevə dəstəyin davam etdirilməsini müdafiə etdiyi halda, digərlərində hərbi və maliyyə yardımının azaldılmasını tələb edən siyasi qüvvələrin mövqeləri güclənir. Belə bir şəraitdə NATO-nun nəzərdə tutulan silah tədarükünü tam maliyyələşdirə bilməməsi Ukraynanın cəbhədəki vəziyyətinə, hava hücumundan müdafiə imkanlarına və hərbi əməliyyatları davam etdirmək qabiliyyətinə necə təsir göstərə bilər? Eyni zamanda, Qərbin dəstəyində mümkün azalmanın müharibənin gələcək gedişatına və Kiyevin danışıqlardakı mövqeyinə hansı nəticələri ola bilər?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Səxavət Məmmədov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin gedişatına nəzər saldıqda Ukrayna tərəfinin Qərbin yardımından ciddi şəkildə asılı olduğu açıq görünür: “Bunu Prezident Volodimir Zelenskinin bəyanatlarından da müşahidə edirik. O, mütəmadi olaraq hava hücumundan müdafiə sistemləri, raketlər, maliyyə və digər hərbi resurslarla bağlı Qərb dövlətlərinə müraciət edir. Faktiki olaraq, Ukraynanın müharibəni davam etdirmək imkanları böyük ölçüdə Qərbin dəstəyindən asılıdır. NATO ölkələri də müharibə ərzində Ukraynaya kəşfiyyat məlumatları, maliyyə və hərbi-texniki resurslarla dəstək göstəriblər. Dövlətlərin Ukrayna müharibəsinə münasibətinə gəldikdə isə Avropa ölkələrinin öz daxilində də ciddi problemlərin yarandığını görürük. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar müəyyən mənada Avropa iqtisadiyyatına da təsir göstərməyə başlayıb. Enerji daşıyıcılarının, yanacağın və digər məhsulların qiymətində artımlar müşahidə olunub. Eyni zamanda, Avropa ölkələri müharibə şəraitində müdafiə xərclərini artırmağa, ordularını gücləndirməyə və hərbi potensiallarını genişləndirməyə daha çox diqqət ayırmağa başlayıblar. Bu isə həmin ölkələrin büdcələrində əlavə yük yaradır və sosial-iqtisadi problemləri daha da aktuallaşdırır. Bütün bunlar bir çox Avropa ölkəsində seçki prosesləri ilə eyni vaxta təsadüf edir. Seçkilər ərəfəsində bir sıra siyasi partiyalar Ukraynaya hərbi və maliyyə yardımının dayandırılmasını, Avropanın müharibədən uzaqlaşmasını müdafiə edən mövqelərlə çıxış edirlər. Bunu Fransada, Almaniyada və digər Avropa dövlətlərində müşahidə etmək mümkündür. Xüsusilə radikal sağçı və millətçi siyasi qüvvələrin mövqelərinin güclənməsi diqqət çəkir. Həmin qüvvələrin bir qismi hakimiyyətə gələcəkləri təqdirdə Ukraynaya yardımı dayandıracaqlarını və bu münaqişədə iştiraklarını minimuma endirəcəklərini əvvəlcədən bəyan ediblər”.
Ekspert qeyd edib ki, bu isə Ukrayna üçün ciddi risklər yaradır: “Çünki ona dəstək verən dövlətlərin hər hansı birinin yardımı dayandırması ölkənin hərbi və iqtisadi imkanlarının zəifləməsinə səbəb olacaq. Dəstək verən ölkələrin sayı azaldıqca Ukraynanın müqavimət imkanları da məhdudlaşacaq. Bu gün Ukraynanı müharibədə ayaqda saxlayan əsas amillərdən biri Avropa dövlətlərinin və digər beynəlxalq tərəfdaşların göstərdiyi yardımlardır. Ümumilikdə, 52 dövlət Ukraynaya müxtəlif istiqamətlərdə dəstək göstərib və bu yardım müharibənin gedişatına ciddi təsir edib. Hesab edirəm ki, əgər NATO və onun üzv dövlətləri Ukraynanın ehtiyac duyduğu bütün resursları təmin etməkdə çətinlik çəkirlərsə, digər ölkələrin bu boşluğu tam şəkildə doldurması da asan olmayacaq. Yaxın perspektivdə bunun təsirlərini birbaşa döyüş meydanında müşahidə edə bilərik. Prezident Zelenski də daxil olmaqla, bir çox siyasi liderlər Qərbin dəstəyinin azalmasının Ukraynanın hərbi mövqelərinə necə təsir göstərə biləcəyini anlayırlar. Əgər müharibə indiki mərhələdə dayandırılmasa, Avropa ölkələrində hakimiyyət dəyişiklikləri baş versə və yeni hökumətlər Ukraynaya yardımı kəssələr, Kiyevin vəziyyəti daha da ağırlaşacaq. Bu halda Ukraynanın məğlubiyyət riski də artacaq. Məhz buna görə düşünürəm ki, Ukrayna tərəfi qış kampaniyası dövründə, Rusiyanın hərbi əməliyyatlarının intensivləşdiyi bir mərhələdə, heç olmasa, müəyyən razılaşma əldə etməyə və müharibəni mövcud şərtlər çərçivəsində yekunlaşdırmağa çalışacaq. Rusiya da Qərbdəki siyasi və iqtisadi prosesləri, Ukraynaya dəstəyin gələcək perspektivini diqqətlə izləyir. Moskva bu vəziyyətdən öz maraqları naminə istifadə etməyə, müharibəni uzadaraq danışıqlarda daha əlverişli mövqe qazanmağa çalışa bilər. Hazırda danışıqlar prosesi davam etsə də, mən onların qısa müddətdə yekunlaşacağını düşünmürəm. Çünki tərəflərin mövqeləri arasında ciddi fərqlər qalır və müharibənin başa çatması üçün bu ziddiyyətlərin aradan qaldırılması vacibdir”.
Ayhan
14:00 19.11.2026
Oxunuş sayı: 104