Yaponiya Asiyada yeni enerji təhlükəsizliyi qurumu yaratmağı planlaşdırır
Yaponiya Asiya ölkələrinin enerji təhlükəsizliyini gücləndirmək və neft təchizatında mümkün böhranların qarşısını almaq məqsədilə yeni regional işçi qrupunun yaradılmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Yaponiyanın Baş naziri Sanae Takaiçi noyabrın 17-də Filippinin paytaxtı Manilada keçirilən Asiya Sıfır Emissiya İcmasının (AZEC) liderlər görüşündə təşəbbüslə çıxış edib.
“Biz Beynəlxalq Enerji Agentliyinin Asiya versiyası adlandırıla biləcək işçi qrupu yaradacağıq. ASEAN ölkələrinə neft ehtiyatlarının saxlanılması sistemlərinin qurulmasında dəstək göstərməklə bütün regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcəyik”, – deyə Baş nazir bildirib.
Takaiçinin sözlərinə görə, yeni təşəbbüs neft ehtiyatlarının birgə idarə olunmasını və fövqəladə hallarda enerji resurslarının ölkələr arasında bölüşdürülməsini nəzərdə tutur.
Layihə çərçivəsində Asiya ölkələrinin Yaponiyada istifadə olunmayan neft anbarlarından yararlanması, həmçinin Filippinin rəhbərliyi ilə həyata keçirilən regional neft ehtiyatları təşəbbüsü ilə əməkdaşlıq edilməsi planlaşdırılır.
Yeni işçi qrupunun fəaliyyətinin region ölkələrinin enerji böhranlarına hazırlığını artırmağa və neft təchizatının sabitliyini gücləndirməyə yönələcəyi bildirilir.
12:31 19.11.2026
Oxunuş sayı: 32