İmam, keşiş, yoxsa çatbot: İnsanlar kimə inanacaq?
Süni intellekt artıq təkcə
iqtisadiyyat, təhsil, tibb və informasiya sahələrində deyil, insanların dini
dünyagörüşünə və mənəvi həyatına da nüfuz etməyə başlayıb. Texnologiyanın
inkişafı ilə dini ayinlərin keçirilməsində, moizələrin hazırlanmasında, dini
mətnlərin şərhində və insanlara mənəvi məsləhətlərin verilməsində süni
intellektdən istifadə halları artır. Hətta bəzi ölkələrdə süni intellektin
hazırladığı moizələr böyük ekranlarda nümayiş etdirilir, virtual din xadimləri
obrazında insanlara müraciətlər olunur.
Məsələn, 2023-cü ildə Almaniyanın
Fürth şəhərində keçirilən dini mərasimdə moizə, dualar və musiqi süni intellekt
vasitəsilə hazırlanıb, mərasimdə virtual din xadimi böyük ekranda çıxış edib.
2025-ci ildə isə Finlandiyanın Helsinki şəhərindəki Müqəddəs Pavel Lüteran kilsəsində
süni intellektin hazırladığı dini mərasim keçirilib. Burada süni intellekt
moizələr yazıb, mahnılar bəstələyib, dini obrazlar yaradıb. Tədbirə 120-dən çox
insan qatılıb.
Digər tərəfdən, dünyada süni
intellekt əsasında fəaliyyət göstərən, insanlara dini məsləhətlər verən,
müqəddəs mətnləri şərh edən və fərdi dualar hazırlayan tətbiqlər də
yayılmaqdadır. Bu tendensiya artıq din və texnologiya münasibətlərində yeni
mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bununla belə, süni intellektin
iştirakı ilə keçirilən dini mərasimləri yeni dinin yaranması ilə eyniləşdirmək
düzgün olmazdı. Burada əsasən mövcud dini ənənələrin texnologiya vasitəsilə
təqdim edilməsindən söhbət gedir.
Bu prosesin tərəfdarları hesab
edirlər ki, süni intellekt dini bilikləri daha əlçatan edə, insanlara fərdi
yanaşma imkanlarını genişləndirə və mənəvi mövzularda məlumat əldə etməyi
asanlaşdıra bilər. Lakin din yalnız moizə, mətn və məlumatlardan ibarət deyil.
İnam, vicdan, mənəvi məsuliyyət, insan münasibətləri və şəxsi təcrübə də dini
həyatın mühüm hissələridir. Süni intellektin isə insan kimi hiss etmək, mənəvi
məsuliyyət daşımaq və dini təcrübə yaşamaq qabiliyyəti yoxdur.
Beləliklə, süni intellektin dini sahəyə daxil olması bir tərəfdən yeni imkanlar yaradırsa, digər tərəfdən inancın manipulyasiya edilməsi, yanlış dini məlumatların yayılması və insanların texnologiyanı mənəvi nüfuz sahibi kimi qəbul etməsi risklərini də gündəmə gətirir.

İlahiyyatçı Elşad Miri Crossmedia.az-a açıqlamasında bildirib ki, süni
intellektin dini mövzularda, xüsusilə dini sualların cavablandırılmasında
istifadəsi də yeni müzakirələrə yol açır: “Bu texnologiyanın verdiyi cavablarda
yanlış və ya təhrif olunmuş məlumatların yer alması, eləcə də Quran ayələrinin
və dini mətnlərin kontekstdən kənar təqdim edilməsi ehtimalı narahatlıq
doğurur.
Bu narahatlıq nə qədər əsaslıdır? Bir neçə gün əvvəl bu barədə “The
Economist” jurnalında məqalə dərc olunub.
Məqalənin başlığı belədir: “Süni intellekt dini dəyişdirir və dinlər süni
intellekti dəyişdirməyə çalışırlar”.
Din xadimlərini narahat edən əsas məsələ insanların suallarını artıq din xadimlərinə
deyil, süni intellektə ünvanlamalarıdır. Əslində, süni intellekt fərqində
olaraq və ya olmayaraq dinlərin tarixən mühüm rol oynadığı sahələrdən birinə –
məna yaratmaq sahəsinə daxil olmağa başlayır.
Belə bir sual yaranır: Süni intellekt insanlara verdiyi cavablarla
imamların, rahiblərin, ravvinlərin tövsiyələrini əvəz edəcək, yoxsa onların
fikirlərini və mesajlarını yaymaqda köməkçi rol oynayacaq?
Məsələn, Mormon Kilsəsi süni intellekt vasitəsilə hazırlanan moizələri
məqbul hesab etmir. Yəhudilikdə də buna bənzər yanaşma var. Onlar müqəddəs
hesab etdikləri mətnin hazır xülasəsini oxumaqla həmin mətnlə birbaşa
ünsiyyətdə olmağın eyni şey olmadığını bildirirlər. Onların fikrincə, mətni
şərh etmək, müzakirə etmək, yenidən oxumaq və fərqli məna ehtimalları üzərində
düşünmək prosesinin özü dini praktikanın bir hissəsidir.
Məqalədə qeyd olunur ki, mətbəənin meydana çıxması dini dəyişdirdiyi kimi,
süni intellekt də dinə təsir göstərə bilər. Mətbəə İncilin daha geniş kütlələrə
çatmasına və din xadimlərinin inhisarından çıxmasına səbəb oldu. Nəticədə
insanlar dini kitabları din xadimlərinin vasitəçiliyi olmadan oxumağa və şərh
etməyə başladılar. Bu da dini nüfuzun vəziyyətini dəyişdirdi. “The
Economist”dəki məqalədə süni intellektin də oxşar dəyişikliklərə yol aça
biləcəyi bildirilir.
Bir müsəlman artıq fiqh və ya inanc məsələsi ilə bağlı sualını birbaşa
imama, din xadiminə və ya ilahiyyatçıya ünvanlamaq əvəzinə çatbota verə bilər.
Xristian da keşişin yanına getmək əvəzinə süni intellektə müraciət edə bilər.
İnsanlar hətta şəxsi əxlaqi problemlərini belə süni intellektlə müzakirə edə
bilərlər.
Müsəlmanlar üçün nəzərdə tutulmuş “Ansari” adlı süni intellekt çatbotunu
hazırlayan Vəlid Kadus (Waleed Kadous) burada mühüm bir təhlükəyə diqqət çəkir.
Böyük dil modelləri istifadəçini məmnun etməyə və onun düşüncələrinə
uyğunlaşmağa meylli ola bilər. Halbuki din yalnız insanın istədiyi cavabı
tapmasından ibarət deyil. Çünki fərd həm də cəmiyyətin və əxlaqi intizamın bir
hissəsidir.
Süni intellekt isə dini tədricən fərdiləşdirə bilər: “Mənim inancım, mənim
şərhim, mənim ehtiyaclarıma uyğun mənim dinim”. Belə olduqda dinin icma, yəni
camaat ölçüsü zəifləyə bilər”.
Elşas Miri vurğulayıb ki, süni intellekt hətta yeni dinlərin yaranmasına da
səbəb ola bilər:
“Sürix Universitetinin din və texnologiya üzrə tədqiqatçısı Bes Sinqler
(Beth Singler) bu prosesi “religious improvisation”, yəni “dini improvizasiya”
adlandırır. İnsanlar çatbotlarla uzun müddət söhbət edir, oxşar düşüncələrə sahib
insanlarla onlayn icmalar yaradır və zaman keçdikcə mövcud dinlərdən fərqli
yeni mənəviyyat formaları meydana çıxa bilir.
“The Economist” buna nümunə olaraq “Theta Noir” adlı mənəvi kollektivdən
bəhs edir. Bu icma gələcəkdə ortaya çıxacağına inandığı, Tanrıya bənzər
qabiliyyətlərə malik super intellekt – MENA-nı gözləyir. Yəni süni intellekt
yalnız mövcud dinlərlə bağlı sualları cavablandıran texnologiya olmaya bilər.
O, özü də yeni dini düşüncələrin və inancların mövzusuna çevrilə bilər.
Bu gün böyük süni intellekt modelləri əsasən Silikon Vadisi və Çindəki
texnologiya şirkətləri tərəfindən hazırlanır. Dini qurumların bu modellərin
əsas dəyərlərinin formalaşmasına təsiri isə kifayət qədər məhduddur.
“The Economist”in daha əvvəl apardığı başqa bir təhlildə də “OpenAI”
modellərinin dünyanın müxtəlif ölkələrindən olan iştirakçılarla müqayisədə daha
dünyəvi cavablar verməyə meyilli olduğu irəli sürülür.
Bunun nəticəsi ilk baxışdan əhəmiyyətsiz görünə bilər, amma əslində kifayət
qədər böyükdür. Həyatının mənasızlaşdığını deyən bir insan keşişə, imama və ya
ravvinə müraciət etdikdə, çox güman ki, onunla iman, dua, səbir, Tanrı və ya
dini icma haqqında danışılacaq.
Eyni insan süni intellekt sisteminə müraciət etdikdə isə ona psixoloji
özünəqulluq, hədəf müəyyənləşdirmə, sosial əlaqələr qurma və ya peşəkar dəstək
təklif oluna bilər. Bunların yanlış olması şərt deyil. Sadəcə, verilən
cavabların əsaslandığı insan və həyat anlayışı fərqlidir.
Dini dairələrin narahatlığı da məhz buradan başlayır: Əgər milyardlarla insan
həyatın ən vacib suallarını tədricən süni intellektə ünvanlamağa başlasa, onun
standart dünya görüşü zamanla cəmiyyətin və bütövlükdə mədəniyyətin
dünyagörüşünə təsir göstərə bilər.
Bu səbəbdən dini qurumlar yalnız süni intellektdən istifadə etmək deyil, həm
də onun necə yaradılmasına təsir göstərmək istəyirlər. Məqalədə Papa XIV Leonun
2026-cı ilin may ayında yayımladığı ilk ensiklikasında səsləndirdiyi mühüm
fikirə də yer verilir. Papa bildirib ki, texnologiya heç vaxt tamamilə neytral
olmur. O, onu layihələndirənlərin, maliyyələşdirənlərin, tənzimləyənlərin və
istifadə edənlərin xüsusiyyətlərini özündə daşıyır. Bu fikir məsələnin
mahiyyətini əks etdirir.
Çünki bir çatbotun “əxlaqi cəhətdən yaxşı insan kimdir?” sualına verəcəyi
cavab öz-özünə formalaşmır. Modelin öyrədildiyi mətnlər, davranış qaydaları və
onu hazırlayanların dəyərlərlə bağlı seçimləri həmin cavabın formalaşmasına
təsir edir. Beləliklə, dini qurumların qarşısında yeni bir sual yaranır:
Gələcəyin süni intellektinə hansı insan anlayışı öyrədiləcək?
Bir-birindən fərqli, bəzən də ziddiyyət təşkil edən əxlaq anlayışlarının
mövcud olduğu dünyada “hamı üçün yaxşı süni intellekt” necə yaradılmalıdır?
“The Economist”in yazdığına görə, Katolik Kilsəsi süni intellekt şirkətləri ilə
kifayət qədər güclü əlaqələr qurub.
“Anthropic” şirkətinin təsisçilərindən Kris Olah (Chris Olah) Papa Leonun
ensiklikasının Romada keçirilən təqdimatında çıxış edib. Amerikalı texnologiya
rəhbərləri ilə katolik mütəfəkkirlər arasında illərdir “Minerva Dialogues” adlı
görüşlər keçirilir. “Anthropic” də “Claude” modelinin davranış prinsiplərini
hazırlayarkən katolik mütəfəkkirlərlə məsləhətləşən şirkətlərdən biridir.
Digər tərəfdən, dini qruplar öz süni intellekt modellərini də yaratmağa başlayıblar.
Katoliklər üçün “Magisterium AI” və “Ephrem”, müsəlmanlar üçün “Ansari”, hindu
ənənələri ilə əlaqəli “GitaGPT”, İslami dəyərləri nəzərə alan “Salaam World”
kimi sistemlər ortaya çıxır. Qətərin dəstəklədiyi “Fanar” isə ərəb dili
mərkəzli modellər hazırlayaraq İslami dəyərləri sistemə ilkin mərhələdən
yerləşdirməyə çalışır.
Burada çox mühüm bir dəyişiklik baş verir. Əvvəllər əsas sual “Din süni
intellektdən istifadə edəcəkmi?” idisə, indi məsələ “Hansı din öz dəyərlərini
hansı süni intellektə yerləşdirəcək?” sualına çevrilir.
Tayvanın keçmiş rəqəmsal işlər naziri Odri Tanq (Audrey Tang) bunu
çatbotların insanlara qısamüddətli rahatlıq vermək üçün hazırlanması ilə izah
edir. Çünki dinlərin əksəriyyətində insanın mənəvi cəhətdən yetkinləşməsi hər
zaman rahatlıqla baş vermir. Burada səbir, nəfsə qarşı mübarizə, tənqidi qəbul
etmək, başqa insanlarla yola getmək, əzaba dözmək və öz arzularını
məhdudlaşdırmağı bacarmaq da var.
Buddist rahibə Juewei Shi-nin narahatlığı da buna bənzəyir. Onun fikrincə,
insanlar daim özlərinə uyğunlaşan və onları rahatlaşdıran süni dostlara
öyrəşsələr, real insanların qüsurlarına və həyatın qaçılmaz çətinliklərinə
dözmək qabiliyyətləri azala bilər.
Təqaüddə olan Anqlikan yepiskopu Stiven Kroft (Steven Croft) isə bunu daha
kəskin ifadə ilə “narsissistik çatbotlar” təhlükəsi kimi qiymətləndirir.
Burada çox mühüm bir fərq var: Yaxşı din xadiminin vəzifəsi hər zaman insanı
rahatlaşdırmaq deyil. Bəzən ona eşitmək istəmədiyi həqiqəti demək də lazımdır.
Halbuki istifadəçi məmnuniyyətinə uyğun hazırlanan süni intellekt, əksinə,
insanın onsuz da inanmaq istədiyi fikirləri daha da gücləndirə bilər.
“The Economist” məqaləni yalnız
texnologiyaya bədbin yanaşmaqla bitirmir. Xüsusilə Qərb ölkələrində kilsələrdə
din xadimlərinin sayının azalması və inzibati işlərin çoxalması rahiblərin
insanlarla üz-üzə ünsiyyətə ayıra biləcəyi vaxtı azaldır. Mayamidəki keşiş
Kristofer Benek (Christopher Benek) süni intellektdən araşdırma və inzibati
işlərdə istifadə edərək əvvəllər saatlarla vaxt aparan işləri daha sürətli
gördüyünü bildirir. Bunun sayəsində İncil üzərində daha çox işləmək və icma
üzvləri ilə üz-üzə ünsiyyətə daha çox vaxt ayırmaq imkanı yaranır.
Bəzi keşişlər keçmiş moizə və xütbə mətnləri əsasında özlərinin “süni
intellekt əkizlərini” də yaratmağa başlayıblar. “Longbeard” isə daha irəli
gedərək “Ephrem” adlı kiçik dil modeli hazırlayır. Məqsəd insanların müqəddəs
şəxslərin həyatından nümunələr götürərək öz həyatlarını nizama salmasına kömək
etməkdir. Sanders bunu insanın çiynində oturaraq ona prioritetlərini xatırladan
“kiçik bir mələk” kimi təsvir edir”.
İlahiyyatçı qeyd edib ki, süni intellektin insanları inandırmaq gücünü də
kiçiltmək olmaz: “Məqalədə Oksford Universiteti ilə əlaqəli bir tədqiqatdan
bəhs edilir. Həmin araşdırmada dialoq əsasında işləyən süni intellekt
sistemlərinin təcrübəli natiqlər və hətta debat çempionları ilə müqayisədə daha
inandırıcı ola bildiyi bildirilir. Bu da süni intellektin gələcəkdə dini
təbliğat, missionerlik və dini təhsil üçün nə qədər güclü vasitəyə çevrilə
biləcəyini göstərir.
Gerrit Qonqun (Gerrit Gong) məqalənin sonunda səsləndirdiyi fikir isə bütün
bu müzakirələri ümumiləşdirir: İnsanlar gələcəkdə real insan-insan və
insan-Tanrı münasibətlərini daha çox arzulaya bilərlər. Bəs insan həyatının
mənasını kim izah edəcək?
Əsrlər boyu bu sahədə əsas rol ailəyə, ənənələrə, dini icmalara, imamlara,
rahiblərə, ravvinlərə, dini mətnlərə və filosoflara məxsus olub. Sonralar
psixologiya, media və populyar mədəniyyət də bu sahəyə güclü şəkildə daxil
olub. İndi isə ilk dəfə insan gecə saat üçdə belə onu dinləyən, suallarına
uyğun cavab verən, əvvəlki söhbətlərini xatırlayan və demək olar ki, hər
mövzuda danışa bilən süni həmsöhbətlə qarşı-qarşıyadır.
Bu səbəbdən gələcəyin əsas müzakirəsi “Süni intellekt Tanrıya inanırmı?”
sualı ətrafında olmayacaq. Daha vacib sual budur: İnsan Tanrı, ölüm, əxlaq,
əzab, günah, yaxşılıq və həyatın mənası haqqında düşünərkən getdikcə kiminlə
danışacaq?
Əgər cavab “süni intellektlə” olmağa başlasa, bu, artıq yalnız
texnologiyanın dini dəyişdirməsi demək olmayacaq. Bu, insanın özünü və ali
qüvvə ilə əlaqəsini dərk etmək üçün istifadə etdiyi vasitənin dəyişməsi demək
olacaq.
“The Economist”in məqaləsinin başlığındakı ikitərəfli yanaşma da məhz buna görə diqqət çəkir: Süni intellekt dinləri dəyişdirir, dinlər isə gecikmədən süni intellektin necə bir insan və dünya təsəvvürünə sahib olacağına təsir göstərməyə çalışırlar”.
Məhəbbət Tərlanoğlu
12:15 19.11.2026
Oxunuş sayı: 52