Fransanın acı taleyi: İnqilab, yoxsa dərinləşən böhran?
Fransada son həftələrdə davam edən etiraz aksiyaları yenidən geniş vüsət alıb. Noyabrın 17-də ölkənin müxtəlif şəhərlərində minlərlə insan əməkhaqlarının artırılması, yaşayış xərclərinin azaldılması və dövlət xidmətlərinin yaxşılaşdırılması tələbi ilə küçələrə çıxıb. Aksiyalara tələbə və şagirdlərlə yanaşı, dövlət və özəl sektor işçiləri, həmkarlar ittifaqları və pensiyaçılar da qoşulub. Etirazların bəzi mərhələlərində nümayişçilərlə polis arasında qarşıdurmalar yaşanıb, ictimai asayişin pozulması və zorakılıq halları qeydə alınıb.
Fransada yaranmış bu vəziyyət artıq təkcə sosial narazılıq deyil, həm də ölkənin siyasi və iqtisadi sabitliyi baxımından ciddi müzakirə mövzusuna çevrilib. Əhalinin müxtəlif təbəqələrinin etirazlara qoşulması, hökumətin atdığı addımların narazılığı aradan qaldırmaması və aksiyaların davamlı xarakter alması ölkədəki ictimai gərginliyin dərinliyini göstərir. Xüsusilə artan yaşayış xərcləri, əməkhaqlarının alıcılıq qabiliyyətinin azalması, təhsil və səhiyyə kimi sahələrdəki problemlər, eləcə də hökumətə inamsızlıq narazılığın əsas səbəbləri sırasında göstərilir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Yusif Bağırzadə qeyd edib ki, Fransada yenidən genişmiqyaslı etiraz aksiyalarının keçirilməsi başa düşüləndir: “Bu, ölkədə sosial narazılığın hələ də aradan qalxmadığını göstərir. Məlumdur ki, müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə təşkil olunan aksiyalarda əməkhaqlarının artırılması, həyat bahalılığına qarşı tədbirlər, sosial təminatın yaxşılaşdırılması və təhsil sahəsində problemlərin həlli əsas tələblər kimi səsləndirilib. Fransa Daxili İşlər Nazirliyinin dünənki aksiyalarda ölkə üzrə 146 min nəfərin iştirak etdiyini deməsinə baxmayaraq, müstəqil mənbələr və həmkarlar ittifaqları bu rəqəmin 500 mini keçdiyini göstərir.
Baş verənlərin Fransanı inqilaba yaxınlaşdırdığına gəldikdə isə mövcud vəziyyəti klassik mənada inqilabi proses kimi qiymətləndirmək hələlik düzgün olmazdı. Alkədə yaranmış sosial-siyasi gərginliyin sistemli xarakter aldığı ortadadır. Narazılığın əsas səbəbi təkcə hökumətin ayrı-ayrı qərarları da deyil, əsas səbəb Makron hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində cəmiyyətin geniş təbəqələrində formalaşmış sosial və iqtisadi narahatlıqlardır. Əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi, yaşayış xərclərinin artması, əməkhaqlarının insanların gündəlik ehtiyaclarına uyğunlaşmaması və gənclərin gələcəklə bağlı qeyri-müəyyənliyi etirazların sosial bazasını genişləndirir.
Digər mühüm amil siyasi institutlara etimad məsələsidir. Baş nazir Sebastyan Lekornunun hökuməti həmkarlar ittifaqları ilə dialoq qurmağa çalışsa da, sosial tələblərə verilən cavabların yetərsiz hesab edilməsi narazılığı artırır. Hökumətin bəzi hallarda güzəştə getməsi, digər hallarda isə sərt təhlükəsizlik tədbirlərinə üstünlük verməsi də cəmiyyətlə hakimiyyət arasındakı münasibətlərə təsir göstərir".
Onun fikrincə, etirazların digər xüsusiyyəti müxtəlif sosial qrupların eyni platformada birləşməsidir. Tələbələr, müəllimlər, dövlət və özəl sektor işçiləri, pensiyaçılar və sosial fəallar fərqli tələblərlə küçələrə çıxırlar. Məsələn noyabrın 14-də keçirilən aksiyalarda polis zorakılığına qarşı etirazlar və təhlükəsizlik qüvvələrinin səlahiyyətləri ilə bağlı müzakirələr də ön plana çıxıb ki, bu da narazılığın artıq yalnız iqtisadi məsələlərlə məhdudlaşmadığını göstərir.
Düşünürəm ki, Fransada baş verənləri 1789-cu il inqilabı və ya 1968-ci ilin hadisələri ilə birbaşa müqayisə etmək doğru olmaz. Üstəlik, dünənki aksiyalarda iştirakçı sayının noyabrın 5-i ilə müqayisədə azalması da etirazların dinamikasının birmənalı olmadığını göstərir.
Ümumiyyətlə isə Fransada əsas problem etirazların keçirilməsi deyil, onların arxasında dayanan sosial narazılıqların həll edilməməsidir. Hökumət əməkhaqqı, sosial müdafiə, gənclərin məşğulluğu və dövlət idarəçiliyinə etimad məsələlərində real nəticələr ortaya qoymasa, aksiyaların davam etməsi mümkündür. Hazırkı mənzərə Fransada qaçılmaz inqilabdan daha çox, dərinləşən sosial-siyasi böhranın göstəricisidir”.
Ayhan
13:00 19.11.2026
Oxunuş sayı: 49