Küçə itləri haqqında bilmədikləriniz: Hər şey insandan başlayır!
Şəhər küçələrində, yaşayış binalarının həyətlərində, parkların və
məktəblərin yaxınlığında bir neçə sahibsiz itin bir yerə toplaşması tez-tez
müşahidə olunur. Belə ərazilərdə itlərin sayının artması bəzən sakinlərdə qorxu
və narahatlıq yaradır. Xüsusilə uşaqların, yaşlı insanların və hər gün həmin
ərazilərdən istifadə edən piyadaların sahibsiz itlərlə qarşılaşması
təhlükəsizlik məsələsini aktuallaşdırır. Bəzi hallarda itlərin hürməsi,
insanları təqib etməsi və aqressiv davranışları vəziyyəti daha da
gərginləşdirir.
Sahibsiz itlərin dəstə halında hərəkət etməsi təsadüfi deyil. Qida tapmaq,
təhlükəsiz yer axtarmaq, ərazini qorumaq və çoxalma instinkti onların müəyyən
məkanlarda bir araya gəlməsinə səbəb ola bilər. Xüsusilə qida tullantılarının
toplandığı yerlər, boş ərazilər və heyvanların mütəmadi yemləndiyi məkanlar
itlərin toplaşdığı nöqtələrə çevrilir. Dəstə halında olan itlərin davranışı isə
tək heyvanla müqayisədə fərqlənə, bəzi hallarda daha aqressiv xarakter ala
bilər.
İnsanların sahibsiz itlərlə qarşılaşarkən düzgün davranış qaydalarını bilməsi vacibdir. Heyvanı qıcıqlandıran hərəkətlərdən çəkinmək, qəfil qaçmamaq, daş atmamaq və onu təhdid kimi qəbul edilə biləcək davranışlardan uzaq durmaq hücum riskini azaltmağa kömək edə bilər. Eyni zamanda, sahibsiz itlərin sayının artmasının qarşısını almaq üçün onların qeydiyyatı, sterilizasiyası, peyvəndlənməsi və sığınacaqlarla bağlı sistemli tədbirlərin həyata keçirilməsi də əhəmiyyət daşıyır.

Heyvanları sevməyimizə baxmayaraq, onların müəyyən bir yerdə mütəmadi olaraq
qida alması bu problemin əsasını təşkil edir. Bir çox insanın Bakı kəndlərində
və şəhərin müxtəlif ərazilərində hərəsi öz qapısının qarşısında itlərə yemək
verdiyini görürəm. Nəticədə həmin ərazidə tədricən itlərin sayı artır. Başqa
yerlərdən də itlər gəlib həmin qrupa qoşulur. Sayları artdıqca isə onlar həmin
ərazidə qalır və oranı qorumağa başlayırlar.
Aydın məsələdir ki, başqa bir insan həmin əraziyə yaxınlaşanda itlərdə
ərazini qoruma instinkti oyanır. Onlar xəbərdarlıq etmək məqsədilə hürür, hətta
insanın üzərinə hücum edə bilirlər. Məncə, burada insanları maarifləndirmək
lazımdır. Küçə itlərini yemləmək nə qədər yaxşı bir addım kimi görünsə də,
digər tərəfdən insanlar üçün təhlükə yaradan amilə çevrilə bilər. Küçə itləri
problemini onları yemləməklə həll etmək mümkün deyil.
Cəmiyyətimizdə əsas amillərdən biri də itlərə münasibətin normal
olmamasıdır. İnsanlar itlərə daş atır, onları qovur, uşaqlar itlərlə pis rəftar
edirlər. Nəticədə ilk növbədə itlər insanları özləri üçün təhlükə kimi görməyə
başlayırlar. İtlərin insanlara hücum etməsi də bilavasitə bu amillə bağlıdır.
Məsələn, mən İstanbulda küçə itlərinin insanlara, demək olar ki, heç bir
reaksiya vermədiyini görürəm. Bunun səbəbi nədir? Çünki orada insanlar itlərə
başqa cür yanaşırlar. İtlər insanları təhlükə kimi qəbul etmirlər. Məhz buna
görə də insanlara qarşı münasibətləri fərqlidir.
Bir də bizdə mən itlə gəzəndə, demək olar ki, hər gün kimsə uşağına itimi
göstərərək mütləq deyir: “Bax, itə bax, gəlib səni indi dişləyər”. Bu,
uşaqlarda gələcəkdə itlərə qarşı fobiyanın yaranmasının səbəblərindən biridir.
Mən bunu dəqiq bilirəm. Ya deyirlər ki, it gəlib səni dişləyər, ya da “itə əl
vurma, xəstədir, onda xəstəlik var” kimi ifadələr işlədirlər. Uşaqlar da
böyüdükdə itlərə qarşı belə münasibət formalaşdırırlar. Nəticədə çox adam
itlərdən qorxur, iyrənir, onlardan çəkinir və sair.
Məncə, bunun səbəbi məhz uşaqlıqdan formalaşdırılan həmin yanaşmadır. İtə
yaxınlaşmaq üçün sahibindən icazə istəmək, sahibinin razılığı ilə uşağın iti
tumarlamasına şərait yaratmaq lazımdır. Amma bizdə, təəssüf ki, uşaqları
itlərdən qorxudurlar. Uzaqdan “yaxın gəlmə, dişləyər” deyirlər. Uşaq böyüyəndə
də bu fikir onun beynində qalır. Bu da ikinci əsas səbəblərdən biridir.
Düzdür, bəzi hallarda itlər hücum edə bilirlər. Məsələn, qaçan adama,
velosipedçiyə və ya motosikletlə hərəkət edən şəxsə hücum edə bilərlər. Belə
hallarda onlarda ov instinkti oyanır. Yəni qarşılarında nəsə sürətlə hərəkət
edəndə həmin instinkt işə düşür. Amma, məsələn, velosipedlə hərəkət edərkən it
arxanızca qaçırsa və hücum etmək istəyirsə, dayanıb velosipeddən düşdüyünüz
zaman it çox vaxt geri çəkilib gedəcək. Çünki həmin anda onun ov instinkti
sönür.
Küçə itlərinin sayının həddindən artıq çox olmasının ən böyük səbəblərindən
biri də budur. Ola bilər ki, araşdırma apararkən siz də bu istiqamətdə müəyyən
səbəblərlə rastlaşasınız. Əlbəttə, bioloji artım da var. Amma küçə itlərinin
sayının artmasına ən böyük töhfəni qeyri-peşəkar və məsuliyyətsiz insanların
fəaliyyəti, yəni ev itlərini küçəyə atması verir.
Məsuliyyətsiz yanaşma nədən irəli gəlir? Bunun ən başlıca səbəblərindən biri
odur ki, bizdə it sahiblərinin əksəriyyəti, bəlkə də 99 faizi, istər erkək,
istərsə də dişi it sahibi olsun, özünə borc bilir ki, mütləq öz itindən bala
almalıdır. Bəziləri bunu balaları sataraq pul qazanmaq məqsədilə edir. Bəziləri
itin sağlamlığı üçün bunun vacib olduğunu düşünür. Digərləri isə hesab edirlər
ki, yaxşı sahibdirsə, mütləq itini cütləşdirməlidir. Yaxud da fikirləşirlər ki,
mənim itim çox yaxşıdır, istəyirəm məhz bu itdən özümə bala qalsın.
Bu yanaşmaların heç biri düzgün deyil. İt artırımı ilə yalnız peşəkar
insanlar məşğul olmalıdır. Bizdə isə hamı it artırımı ilə məşğul olur.
Düşünürlər ki, mənim itim 12 bala verəcək, sonra həmin balaları kiməsə verməli,
paylamalı olacağam.
İtlər doğulur, bir-iki ay evdə böyüyürlər, sayı artır və sahibləri məcbur
qalaraq onları kimə gəldi verirlər. Həmin balaları götürənlərin bəziləri də
məsuliyyətsiz yanaşır və sonradan itləri küçəyə buraxırlar.
Bağ evlərinin əksəriyyətində insanlar bağa köçərkən it götürürlər. Bir neçə
ay it saxladıqdan sonra müəyyən problem yarananda, hətta heç bir problem olmasa
belə, şəhərə köçərkən iti küçəyə atırlar. Mən hər il sentyabr ayında küçə
itlərinin sayının artdığını görürəm. Çünki həmin dövrdə həyətlərdən küçəyə
atılan itlərin sayı çoxalır.
İt sahiblərinin başqa bir qismi isə heyvanları məsuliyyətsiz saxlayır. İtlər
həyətdən qaçır, düzgün nəzarət edilmir, darvaza açıq qalır, it qaçır və ya
sahibi onun itdiyini deyir. Bütün bunlar, məncə, küçələrdəki itlərin sayının
artmasının başlıca səbəblərinin məsuliyyətsiz it sahibləri ilə bağlı olduğunu
göstərir.
Məncə, bu istiqamətdə müəyyən işlər görülməlidir. İtlərlə qarşılaşarkən
instinktiv olaraq atılan addımların çoxu səhv olur. Yəni itdən qaçmaq,
qışqırmaq, əl-qol hərəkətləri etmək, onu təpikləməyə çalışmaq və daş atmaq
hücumu daha da intensivləşdirə bilər.
Çalışmaq lazımdır ki, sakit dayanaq, təmkinli olaq və itlərin gözünün içinə
baxmayaq. Həmçinin itlərin bizi əhatəyə almasına imkan verməmək, mümkün olduqda
divara və ya avtomobilə söykənərək sakit dayanmaq və vəziyyəti müşahidə etmək
lazımdır”.
Kinoloq qeyd edib ki, o, heç vaxt küçə itləri tərəfindən dişlənməyib:
“Halbuki bir neçə dəfə itlər üstümə hürərək qaçıblar. Mən sakit dayandıqda
isə geri dönüb gediblər.
Amma çox adam qışqırmağa, itlərə qarşı aqressiv davranmağa başlayır. Belə
hallarda hücum davam edir. Dişlənən insanların əksəriyyəti də məhz bu səhvlərə
yol verdiyinə görə belə vəziyyətlə üzləşir.
Mən başa düşürəm ki, təcrübəsi olmayan, xüsusilə də itlərdən qorxan insan
üçün belə vəziyyətdə sakit dayanmaq çətindir. Bunu çox az adam bacara bilər.
Amma əslində, düzgün davranış sakitliyi qorumaqdır.
Əgər itin aqressivliyinin artdığını və hücuma keçdiyini görürsünüzsə, əlinizdəki çanta, çətir və ya evdən çıxarkən götürdüyünüz gödəkçə kimi əşyaları qarşınızda tutaraq özünüzü qoruya bilərsiniz. Əgər görürsünüzsə ki, it artıq dişləməyə çalışır, əlinizdəki əşyanı onun qarşısında saxlayın ki, dişləyəcəksə, ilk növbədə həmin əşyanı dişləsin”.
Məhəbbət Tərlanoğlu
13:10 19.11.2026
Oxunuş sayı: 224