Trampın siyasi ömrü başa çatır - İddia
Çində keçirilən sammit çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında baş tutan görüş beynəlxalq siyasi gündəmin diqqət mərkəzindədir. Dünyanın aparıcı güc mərkəzlərini təmsil edən bu üç liderin bir araya gəlməsi qlobal güc balansı, beynəlxalq təhlükəsizlik və mövcud münaqişələrin gələcəyi ilə bağlı bir sıra mühüm suallar doğurur. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin dayandırılması, ABŞ-İran münasibətlərindəki gərginliyin aradan qaldırılması və yeni geosiyasi razılaşmaların əldə olunması ehtimalları diqqət çəkir.
Bununla yanaşı, görüşün mümkün nəticələrinin hansı çərçivədə olacağı, tərəflərin fərqli siyasi və iqtisadi maraqlarının ortaq məxrəcə gətirilməsinin nə dərəcədə mümkün olduğu da müzakirə mövzusudur. Bir tərəfdən, Moskva bu təmasdan beynəlxalq nüfuzunu və qlobal siyasi proseslərdəki rolunu gücləndirmək üçün istifadə etməyə çalışır. Digər tərəfdən, Vaşinqton və Pekinin öz strateji maraqları, eləcə də beynəlxalq münasibətlərdəki mövqeləri mümkün razılaşmaların sərhədlərini müəyyənləşdirir.
Xüsusilə Ukraynanın gələcək taleyi ilə bağlı müzakirələr xüsusi əhəmiyyət daşıyır. Ukraynanın iştirakı olmadan onun ərazi bütövlüyü, təhlükəsizliyi və müharibədən sonrakı siyasi gələcəyi ilə bağlı qərarların qəbul edilməsi nə dərəcədə mümkündür? Eyni zamanda, Avropa İttifaqı və NATO kimi mühüm siyasi-hərbi aktorların mövqeyi nəzərə alınmadan əldə ediləcək razılaşmaların real nəticə verməsi nə qədər inandırıcıdır? Bütün bunlar Çindəki görüşün sadəcə diplomatik təmas, yoxsa beynəlxalq siyasi proseslərə təsir göstərə biləcək daha geniş geosiyasi müzakirə platforması olacağı məsələsini aktuallaşdırır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Natiq Miri qeyd edib ki, Çində keçirilən üçtərəfli görüş, əslində, xüsusi olaraq qlobal güclərin görüşü deyil: “Bu, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində təşkil olunan görüşdür. Bu təşəbbüsün arxasında isə Rusiya dayanır. Əlbəttə, Rusiya özünü dünyaya üçüncü qlobal güc kimi təqdim etmək istəyir. Ən azı, belə bir görüntünün Vladimir Putinin imicinə müsbət təsir göstərəcəyi düşünülür. Lakin hesab edirəm ki, bu, sadəcə sammit çərçivəsində keçirilən üçtərəfli görüşdür. Təbii ki, hər bir dövlətin öz konkret maraqları var. Maraqlar fərqli olduğuna görə, müxtəlif məsələlər üzrə müzakirələrdən konkret siyasi nəticələrin əldə olunacağını gözləmək doğru deyil. Məsələnin digər tərəfi ondan ibarətdir ki, bu dövlətlərin liderləri qlobal səviyyədə qalib liderlər hesab olunmurlar. Vladimir Putin Ukrayna müharibəsində bataqlığa sürüklənib. Eyni zamanda, Rusiya iqtisadi və digər sahələr üzrə ciddi problemlərlə üzləşir. Üstəlik, Putinin beynəlxalq səviyyədə imici də mənfidir. Donald Trampa gəldikdə isə hesab edirəm ki, onun siyasi dövrü ABŞ-də başa çatmaq üzrədir. Xüsusilə aralıq seçkilərində demokratların Konqresin hər iki palatasına nəzarəti ələ alması Donald Trampı siyasi baxımdan zəiflədir və onu “topal ördək” vəziyyətinə gətirir. Bu səbəbdən Trampın istənilən qərarı, hər hansı məsələyə razılıq verib-verməməsi nə ABŞ-də, nə də qlobal səviyyədə bütün proseslərin həllinə təsir göstərə bilər. Çin liderinə gəldikdə isə o, heç bir münaqişənin həllində həlledici rol oynamaq niyyətində deyil. Nə Ukrayna, nə də Rusiya məsələsində belə bir mövqe nümayiş etdirir. Üstəlik, Si Cinpinin siyasi gələcəyi ilə bağlı da müəyyən suallar mövcuddur. Çin ordusunun generaliteti arasında onunla bağlı ciddi fikir ayrılıqlarının və qarşıdurmaların olduğu bildirilir. Bu baxımdan, Kommunist Partiyası daxilində gələcəkdə ciddi siyasi qarşıdurmaların baş verməsi, hətta Si Cinpinin siyasi karyerasının sual altına düşməsi ehtimalı da istisna edilmir. Bundan başqa, Çin iqtisadi və texnoloji baxımdan nə qədər inkişaf etmiş ölkə olsa da, hərbi güc baxımından dünya dövlətlərinə diktə edə biləcək mövqedə deyil. Ona görə də qlobal güc iddiasında olan, lakin siyasi baxımdan zəifləmiş liderlərin dünyanın gələcək taleyini müəyyənləşdirəcək qərarlar qəbul etməsi və bu qərarların bütün dünya tərəfindən qəbul olunması mümkün deyil. Heç kim özünü aldatmasın: belə bir görüşdən dünyanın taleyini həll edəcək strateji qərarların çıxacağını gözləmək doğru deyil. Hətta müəyyən razılaşmalar əldə olunsa belə, onların təsir dairəsi və praktiki imkanları məhdud olacaq. Çünki bu gün dünya dəyişib. Artıq bir, iki və ya üç dövlət başçısının iradəsi bütün dünyanın iradəsi kimi qəbul edilmir. Dünyada da belə bir nüfuza və imkanlara malik liderlər yoxdu”.
Politoloq qeyd edib ki, bu görüşdə müharibələrin, istər ABŞ-İran, istərsə də Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı qərarlar qəbul olunsun: “Hətta belə bir razılaşma əldə edilsə belə, Ukraynanın, bu məsələdə maraqlı olan Avropa İttifaqının, eləcə də İranın və region dövlətlərinin maraqlarını gözardı edən qərarların qəbul edilməsi mümkün deyil. Ukrayna müharibəsinin həlli üçün Ukrayna dövlətinin prosesdə iştirakı və razılığı mütləqdir. Artıq dünya əvvəlki dünya deyil ki, bir neçə dövlət başçısı hansısa məkanda toplaşaraq bütün dünyanın taleyini müəyyənləşdirən qərarlar qəbul etsin. Söhbət çox ciddi qlobal təhlükəsizlik məsələlərindən gedir. Buna görə də Ukraynanın, eləcə də onu dəstəkləyən Avropa İttifaqı kimi böyük iqtisadi güc mərkəzinin prosesdə iştirakı və razılığı vacibdir. İran məsələsində də eyni yanaşma keçərlidir. Belə olan halda, üç liderin öz aralarında əldə edəcəyi razılaşmalar həlledici əhəmiyyət daşımayacaq. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Putin Donald Trampın Çinə səfərindən əvvəl tələsik şəkildə Çinə gedərək Si Cinpinlə görüşməyə, ən azı, mövqeləri və planları uzlaşdırmağa çalışıb. Məqsəd birgə hərəkət etmək imkanlarını müzakirə etməkdir. Bu, müəyyən mənada, tarixi Yalta konfransı ərəfəsində Stalinin Çörçildən əvvəl ABŞ Prezidenti Franklin Ruzveltlə görüşərək onun mövqeyinə təsir göstərmək cəhdini xatırladır. Ona görə də bu görüşdə üç tərəfin eyni mövqedən çıxış edəcəyini düşünmürəm. Əksinə, burada iki tərəfin bir tərəfə qarşı mövqelərinin formalaşması, geosiyasi və geoiqtisadi maraqların toqquşması ehtimalı daha yüksəkdir. Belə bir şəraitdə hər üç tərəfin maraqlarını uzlaşdıran ciddi anlaşmanın əldə olunması real görünmür”.
Natiq Miri vurğulayıb ki, Ukraynanın gələcək taleyi ilə bağlı bu görüşdə hansı müzakirələrin aparılmasından asılı olmayaraq, sonda Ukrayna, onu dəstəkləyən Avropa İttifaqı və NATO ilə məsələlər razılaşdırılmalıdır: “Ukraynanın iştirakı olmadan onun gələcəyi ilə bağlı qərarların qəbul edilməsi və icrası müharibənin başa çatmasına gətirib çıxara bilməz. Bu baxımdan, görüş ərəfəsində Ukraynanın Rusiyanın qlobal gücünün simvollarından biri hesab edilən Krım körpüsünə – Kerç boğazı üzərindəki körpüyə zərbə endirməsi xüsusi əhəmiyyət daşıyır. Bu, Ukraynanın öz imkanları ilə Rusiyaya qarşı ciddi əməliyyat həyata keçirə biləcəyinin göstəricisidir. Məlumata görə, həmin görüşdən əvvəl ABŞ kəşfiyyatında Ukraynanın bu körpüyə zərbə endirəcəyi ilə bağlı məlumatlar olub. Bu, uzunmüddətli və mərhələli prosesdir. Prezident Volodimir Zelenskinin də bəyan etdiyi kimi, əməliyyat yeddi mərhələdən ibarət olub. Körpüyə zərbə endirmək üçün ilk növbədə onu qoruyan hava hücumundan və raketdən müdafiə sistemlərinin, eləcə də radar qurğularının sıradan çıxarılmasına ehtiyac yaranıb. Məhz bundan sonra körpüyə hücum üçün imkan formalaşıb. ABŞ bu əməliyyatdan xəbərdar olduğu üçün həmin ərəfədə Starlink-in hərbi versiyası olan Starshield sisteminə müəyyən məhdudiyyətlər tətbiq edib. Bu məhdudiyyətlər fonunda Ukraynanın belə bir əməliyyatı həyata keçirməsi çətinləşməli idi. Lakin gördüyümüz kimi, Ukrayna öz daxili imkanları hesabına mühüm nəticə əldə etdi. Ölkə öz istehsalı olan “Neptun” və “Flamingo” raketlərindən, həmçinin dronlardan istifadə etməklə bu əməliyyatı uğurla həyata keçirdi. Bu, təkcə Rusiyaya vurulan zərbə deyildi. Eyni zamanda, ABŞ administrasiyasına, Donald Trampa, Pentaqona və Elon Maska da ünvanlanmış ciddi mesaj idi. Çünki Ukraynanın öz imkanları ilə belə bir əməliyyatı həyata keçirməsi göstərdi ki, onun iştirakını və razılığını nəzərə almadan müharibənin gələcəyi ilə bağlı qərarlar qəbul etmək mümkün deyil. Beləliklə, Ukraynanın iştirakı olmadan onun taleyi ilə bağlı qərarların qəbul edilməsi və icrası real nəticə verməyəcək. Bu cür qərarlar qəbul edilsə belə, onların kağız üzərində qalacağı və praktiki baxımdan həyata keçirilməsinin mümkün olmayacağı qənaətindəyəm”.
Ayhan
13:10 19.11.2026
Oxunuş sayı: 39