Rusiya Avropanı təlatümə sürükləyir - Ekspert
Avropanın bir sıra ölkələrində hökumət əleyhinə etiraz aksiyalarının intensivləşməsi siyasi və ictimai gündəmin əsas mövzularından birinə çevrilib. Çexiya, Fransa, Portuqaliya və digər Avropa ölkələrində müşahidə olunan etiraz dalğasına indi Slovakiya da qoşulub. Noyabrın 17-də Slovakiyanın paytaxtı Bratislavada və ölkənin digər şəhərlərində minlərlə insan Baş nazir Robert Fitsonun rəhbərlik etdiyi hökumətin siyasətinə qarşı küçələrə çıxıb. Təkcə Bratislavada etirazçıların sayının 25 minə çatdığı bildirilir. Aksiyalarda hökumətin Rusiya ilə münasibətləri, ölkənin xarici siyasət kursu, demokratik institutlar və idarəçiliklə bağlı narazılıqlar ön plana çıxıb.
Bütün bunlar Avropada müşahidə olunan etirazların ayrı-ayrı ölkələrin daxili siyasi və sosial problemlərinin nəticəsi, yoxsa daha geniş geosiyasi proseslərin tərkib hissəsi olması ilə bağlı müzakirələri aktuallaşdırır. Sizcə, Avropanı etiraz dalğasına qərq edən əsas səbəblər hansılardır? Bu proseslərdə xarici güclərin və geosiyasi mərkəzlərin təsiri varmı, yoxsa baş verənlər cəmiyyətlərin daxili narazılıqlarının təzahürüdür?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, istənilən hökumətin ölkədə yaşanan etiraz aksiyalarına ən populyar cavabı hadisələrin xaricdən idarə olunduğunu iddia etməsi və nümayişləri zor gücünə yatırmasıdır: “Xüsusilə də Slovakiya, Serbiya, Bolqarıstan və s. kimi Rusiyaya yaxınlığı ilə seçilən iqtidarlar üçün bu yanaşma daha çox keçərlidir. Çünki Rusiya tərəfindən dəstəklənən, öz mövcudluğunu Moskvayla əlaqələrinə borclu olan bu hökumətlər məsələnin əsl mahiyyətini etiraf etməkdə çətinlik çəkir, ideoloji təbliğatlarla kreslolarından yapışıb qalmağa çalışırlar. Halbuki, kütləvi aksiyaların başlıca səbəbini yalnız xarici təsirlərlə izah etmək mümkün deyil. Baxmayaraq ki, xarici təsirlər də etirazların alovlanmasında əsaslı rol oynayırlar”.

Heydər Oğuzun fikrincə, yalnız Slovakiyada deyil, Şərqi Avropa ölkələrinin demək olar hamısında etiraz dalğalarının başlamasının əsas səbəbi bu ölkələrin yaşadıqları iqtisadi və siyasi böhranlardır: “Vaxtilə ABŞ və Avropa İttifaqının yardımları ilə ayaqda durmağa çalışan bu ölkələr artıq öz ənənəvi sponsorlarından eyni dəstəyi ala bilmirlər. Nəticədə ölkə əhalisinin iqtisadi vəziyyəti də korlanır və bütün Avropada etirazlar dalğası yayılır. Məsələn Fransada son 3 ildə faktiki olaraq 5 hökumət dəyişilib, istefa verən bütün Baş nazirlərin bu addımı atmasının səbəbi iqtisadi böhranın qarşısını ala bilməməsi ilə izah olunmuşdur. Paris fundamental islahatlara getməsə, bu etirazların və istefaların da qarşısını ala bilməyəcək. Məsələ burasındadır ki, Fransanın dövlət borcu ÜDM-nın 120 faizinə yaxınlaşıb. Gələn il bu nisbətin 123 faizə yüksəlməsi gözlənilir. Avropa İttifaqının təlimatlarına görə, bu birliyin dövlət borcu ÜDM-nın 60%-ni ötməməlidir. Fransada isə bu nisbət indidən iki qatı keçib və hər il daha çox borclanır.
Yunanıstanda vəziyyət daha mürəkkəbdir. Avropa Statistika Komitəsinin hesabatlarına görə, Yunanıstanın dövlət borcu ÜDM-nın 146 faizini keçib və gələn il bu nisbət 150%-i belə keçə bilər. Avropa İttifaqı ölkələrindən yalnız Almaniya ittifaqın ön gördüyü 60%-lik nisbət həddindədir. Digər ölkələrin ümumi ortalaması isə 80%-i keçib. Bu göstəricilər məcbur edir ki, ittifaq üzvləri öz sosial siyasətlərini tamamilə dəyişsin və “kəmərsıxma” məhdudiyyətlətinə getsin. İndiyədək rifah içərisində yaşayan Avropa insanı isə bu reallıqlarla razılaşmır, meydanlara çıxıb etiraz aksiyaları keçirir. Nəticədə hökumətlər istefa verir, amma onları əvəz edən yeni hökumətlər də problemi çözə bilmir və onlar da istefa ərizəsi yazmalı olurlar”.
Heydər Oğuz qeyd edib ki, Rusiya ilə müharibənin gətirdiyi iqtisadi problemlər də Avropanı təlatümə sürükləyir: “Xüsusilə, Rusiyan eft və qazına tətbiq olunan embarqolar enerji daşıyıcıların qiymətinin artması ilə nəticələnir. Digər tərəfdən ABŞ-ın təzyiqi ilə Avropa ölkələrinin silahlanmaya ayırmaq məcburiyyətində qaldıqları kapital da qitə insanlarının güzəranına mənfi təsir göstərir. Təsəvvür edin, Tramp hakimiyyətə gəlməmişdən əvvəl ÜDM-nın 2%-ni belə hərbi xərclərə ayırmayan Avropa NATO-nun son sammitində qəbul edilən qərarla bu məbləği 5%-ə qədər yüksəltməyə məcburdurlar. Ölkə iqtisadiyyatının onsuz da çətinliklərlə üzləşdiyi bir dövrdə silahlanmaya ayrılan vəsaitlər istər-istəməz vətəndaşların boğazından kəsilir. Beləcə, etirazlar daha da artır”.
Heydər Oğuzun fikrincə, Avropanın demoqrafik böhranı da vəziyyəti tündləşdirir: “Sosial müdafiə siyasətləri nəticəsində Avropada insan ömrü uzanıb və hazırda pensiya alanların sayı işçilərin sayını ötüb keçməyə doğru irəliləyir. “Eurostat”ın məlumatına görə, hazırda Aİ əhalisinin 27.5%-i pensiya ilə dolanır. Onların 80%-dən çoxu yaşa görə pensiyaya çıxıb. Qalan hissə isə ailə başçısını itirməyə və əlilliyə görə pensiya alanlardan ibarətdir. Eyni statistik məlumatlardan aydın olur ki, Aİ-də pensiya alanların sayı son on ildə 5,8% artıb və bu artım hər il davam edir. Qitədə pensiyaçıların sayının durmadan artması da sosial müdafiə xərclərinin azaldılmasında ciddi çətinliklər yaradır. Və içşi probleminin həlli üçün hökumətləri miqrantlardan asılı vəziyyətə salır. Nəticədə ölkələrdə miqrantların artması Avropada irqçilik təmayüllərinin artmasını tətikləyir”.
Heydər Oğuz hesab edir ki, dünyada gedən geopolitik mübarizələr də Avropada öz təsirlərini göstərir: “Özəlliklə də Rusiyaya münasibət məsələsi ciddi problemə çevrilib. Bir çox avropalılar onların dolayısıyla rifahlarını pozan Ukrayna müharibəsinin öz hökumətləri tərəfindən dəstəklənməsini və Kiyevə hər il milyardlarla dollar ayrılmasını anlaya bilmirlər. Odur ki, xüsusilə də Şərqi Avropa ölkələrində Rusiya meyilli hərəkatlar getdikcə güclənir. Bu da istər-istəməz Avropadakı liberalist düşüncəli çevrələri hərəkətə gətirir. Slovakiyada baş verənlər də əslində bu iki cərəyanın çarpışmasının nəticəsidir. Məlum olduğu kimi Fitso hakimiyyətə gəldikdən sonra açıq şəkildə Rusiyapərəst siyasət yürütməyə üstünlük verdi. Slovakiya hökuməti Ukraynaya hərbi yardımı dayandırdı, Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxdı və Ukraynanın NATO üzvlüyünə mane olan bəzi addımlar atdı. Xarici işlər naziri Juraj Blanar iqtisadi əməkdaşlığı canlandırmaq üçün Rusiyaya rəsmi səfərə getdi və bütün bu addımlar ölkədəki Avropapərəst qüvvələri hərəkətə gətirdi.
Hökumətin Slovakiya konstitusiyasında apardığı bəzi hüquqi islahatlar, milli qanunun Aİ qanunlarından üstün tutan dəyişikliklər və Fitsonun Brüsselə qarşıdurma mövqeyi vətəndaşlar arasında ölkənin Avropa yolundan yayındığına dair narahatlıq yaratdı. Slovakiyalar ölkələrinin tədricən Avropadan uzaqlaşıb Rusiyaya meylləndiklərini anladılar və bunun Slovakiyanı iqtisadi cəhətdən tamamilə çöküşə sürüklədiyi düşündülər və ayağa qalxdılar. Bir müddət əvvəl hökumət koalisyasından bəzi millət vəkillərinin istefası ilə Fitso iqtidarının azlığa düşməsi də narazılıqların artmasına yol açdı.
Qısası, Slovakiyada baş verənlər Avropada son zamanlar yaşanan mühafizəkar-qlobalist qarşıdurmasının növbəti təzahürləridir və bu proseslər yəqin ki, yaxın vaxtlarda bütün Avropa İttifaqı üzvlərini bürüyəcək. Avropa mühafizəkarlarının əsas dəstəkçisi kimi çıxış edən Trampın ABŞ-da qarşılaşdığı seçki məğlubiyyəti də bu qitədəki qlobalistləri daha radikal mübarizəyə həvəsləndirir. Bununla belə, Avropadakı gərginliyin əsas səbəbi yürüdülən sosial iqtisadi siyasətlərin günün reallığına cavab verməməsi və qoca qitənin qarşısında dayanan obyektiv problemlərlə bağlıdır. Avropa ÜDM ilə xarici borcu arasındakı təzadlara çözüm gətirmədikcə, çalxalanmağa davam edəcək”.
Ayhan
17:00 19.11.2026
Oxunuş sayı: 52