Azərbaycanda yeni kredit təşkilatı fəaliyyətə başlayır
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Hermes" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Crossmedia.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 52-yə çatıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Hermes"i bu ilin iyun ayında dövlət qeydiyyatına alıb. Yeni kredit təşkilatı təsisçisi - "Hermes Finance" ASC ilə eyni hüquqi ünvanda Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 1 milyon manat, qanuni təmsilçisi isə Həmid Mövsüm oğlu Mirzəyevdir.
O, həm də "Hermes Finance"ın direktorudur və həmin şirkətdə 10 % pay sahibidir. Səhmlərin qalan hissəsi Nuranə Mehrəliyeva-Rzayevaya (45 %) və Kamran Quliyevə (45 %) məxsusdur.
Xatırladaq ki, "Hermes Finance" 2018-ci ildə yaradılıb, lizinq fəaliyyəti ilə məşğul olan "Caspian Auto İmport" ASC-də 66,67 %, "Level Leasing" MMC-də isə 38 % pay sahibidir. "Hermes" BOKT-un yaradılması barədə qərar "Hermes Finance"ın səhmdarlarının iyunun 9-da keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.
14:55 19.11.2026
Oxunuş sayı: 52