Britaniyada tələbə 2 000 illik qızıl zinət əşyası tapdı
Britaniyada arxeoloji qazıntılarda iştirak edən tələbə təxminən 2 000 il yaşı olan qızıl zəncir parçası aşkar edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Arxeologiya tələbəsi Eliza Zallu qazıntıların ilk günündə uzunluğu təxminən 7 santimetr olan qızıl zəncir parçası tapıb. Zinət əşyası yaxşı vəziyyətdə qorunub saxlanılıb. Arxeoloqlar hesab edirlər ki, bu cür əşyalar varlı romalılara, hərbi komandirlərə və ya onların ailə üzvlərinə məxsus olub.
Eliza Zallu tapıntının onun üçün gözlənilməz olduğunu bildirib. O, bütün karyerası ərzində belə bir əşya tapacağını düşünmədiyini, lakin bunun ilk qazıntı günündə baş verdiyini deyib.
Qazıntılarda iştirak edən digər tələbələr də maraqlı əşyalar aşkarlayıblar. Şennon Vud üzərində latın dilində yazı qalıqları olan qurğuşun lövhə tapıb. Arxeoloqlar onun təyinatını hələ müəyyənləşdirə bilməyiblər. Ehtimallara görə, lövhədə şəxsi mesaj və ya qarğış yazılmış ola bilər.
Meqan Potter isə hərbi kəmərə və ya at qoşqusuna bərkidildiyi ehtimal edilən qızıl suyuna salınmış bürünc bəzək əşyası aşkar edib.
Bundan başqa, qazıntılar zamanı sikkələr, nizə ucluqları, üzərində oyma daşlar olan üzüklər və keramika qablar tapılıb. Bəzi keramika parçalarının üzərində MARTIN və ya MARTINUS adı qorunub. Ehtimal olunur ki, qədim dövrdə əşyanın sahibi onu bu şəkildə nişanlayıb.
Hazırda tədqiqatçılar tapılan əşyaları araşdırırlar. Məqsəd təxminən 2 000 il əvvəl Roma imperiyasının şimal sərhədində, Roma hərbçiləri ilə yerli əhalinin yanaşı yaşadığı ərazilərdə insanların həyat tərzi haqqında daha ətraflı məlumat əldə etməkdir.
14:43 19.11.2026
Oxunuş sayı: 41