Tələbələrə nəqliyyat güzəşti nə vaxt veriləcək? - AÇIQLAMA
Azərbaycanda tələbələrin təhsil müddətində qarşılaşdıqları əsas maliyyə
çətinliklərindən biri də gündəlik nəqliyyat xərcləridir. Xüsusilə ali və orta
ixtisas təhsili müəssisələrində oxuyan, ailəsindən ayrı yaşayan və ya hər gün
şəhərin müxtəlif istiqamətlərindən universitetə gedib-gələn tələbələr üçün
ictimai nəqliyyat xərcləri aylıq büdcənin müəyyən hissəsini təşkil edir. Təhsil
haqqı, kirayə, qidalanma və digər gündəlik ehtiyaclar da nəzərə alındıqda,
nəqliyyat xərcləri tələbələr üçün əlavə maliyyə yükünə çevrilir.
Bu baxımdan tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadə etməsi
məsələsinin gündəmə gətirilməsi diqqət çəkir. Təklifin reallaşması tələbələrin
gündəlik xərclərinin azalmasına, təhsilə əlçatanlığın artırılmasına və xüsusilə
aztəminatlı ailələrdən olan gənclərin sosial vəziyyətinin yaxşılaşmasına töhfə
verə bilər. Bir sıra ölkələrdə tələbələr üçün ictimai nəqliyyatda xüsusi
tariflər, endirimli aylıq kartlar və hətta pulsuz gediş imkanları mövcuddur.
Lakin belə bir güzəştin Azərbaycanda tətbiqi zamanı bir sıra məsələlər də nəzərə alınmalıdır. Güzəşt bütün tələbələrə şamil edilməlidir, yoxsa yalnız sosial vəziyyəti aşağı olan ailələrin övladlarına?

Crossmedia.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, tələbələrin nəqliyyatdan güzəştli istifadəsi ilə bağlı hər il, deməli, tədris ili yenilənəndə, yəni sentyabr ayında müzakirələr başlayır və bu, uzun illərdir davam edir:
“Təəssüflər olsun ki, Təhsilin İnkişafı Fondu da bu məsələ ilə bağlı müəyyən
cəhdlər etdi, amma nəticəsi olmadı. Yəni onlar da düşünürdülər ki, digər
qurumlarla olduğu kimi, nəqliyyat vasitələrini idarə edən qurumlarla da
münasibətlər qurulsun və Təhsil Tələbə Krediti Fondu müəyyən dəstək hesabına,
Təhsilin İnkişafı Fondunun da təşkilatçılığı ilə tələbələrə müəyyən güzəştli
limitlər təqdim etsin.
Məsələn, 80-ci illərdə, 70-ci illərdə tələbə olanlar üçün çox xüsusi kartlar
müəyyənləşdirilirdi. Onlar 2 manat 50 qəpik əvvəlcədən ödəmək şərti ilə və
yaxud da təqaüdlərindən tutulmaqla nəqliyyatdan daimi və pulsuz istifadə edə bilirdilər.
İndi də Avropa ölkələrinin bəzilərində bu yanaşma qalır. Məsələn, Almaniyada və
Kanadada fərqli yanaşmalar var. Almaniyada semestr dövründə tələbələr üçün
nəqliyyatdan istifadəyə böyük güzəştlər tətbiq olunur. Çünki bilirsiniz ki,
onlar həmin dövrdə həm kitabxanalardan, həm də imtahan zamanı vacib olan
informasiya və məlumatları əldə etmək üçün digər resurslardan istifadə edirlər.
Buna görə də həmin dövr ərzində, yəni sessiya müddətində onlara güzəştlər
tətbiq olunur. Digər universitetlərdə və başqa yerlərdə də bu kimi hallar var.
Kampusu olan universitetlər də mövcuddur. Məsələn, təəssüf ki, Azərbaycanda
tələbələr digər ölkələrlə müqayisədə daha çox xərc çəkirlər. Ona görə ki, bizdə
kampuslar və tələbə yataqxanaları yoxdur. Hər kəs ya öz evində, ya da kirayədə
qalmalıdır. Bu məsələ də müəyyən qədər problemlər yaradır. Bunun səbəblərindən
biri də dövlət və özəl sektorun məhz bu sahədə normal inkişaf etməməsidir.
Məsələn, yataqxanaların tikintisinə özəl sektorun imkanlarından istifadə edilə
bilər. Eləcə də tələbələrin müəyyən güzəştlərlə daşınmasına yardımçı ola
biləcək özəl marşrutlar var. Təəssüf ki, bu da yoxdur.
Ona görə də düşünürəm ki, Azərbaycanda bu məsələ ilə bağlı konseptual
yanaşma olmalıdır. Yəni daha yüksək səviyyədə, Nazirlər Kabineti səviyyəsində
bir təşəbbüs irəli sürülməlidir ki, tələbələr müəyyən güzəştli limitlərdən
istifadə edə bilsinlər”.
Məhəbbət Tərlanoğlu
16:34 19.11.2026
Oxunuş sayı: 53