Dubay–Təl-Əviv reysində insident: İran şübhəsi araşdırılır
İsrailin Baş naziri Benyamin Netanyahu Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotun digər pilota hücum edərək idarəetməni ələ keçirməyə cəhd göstərməsi hadisəsində İranın iştirakı olub-olmadığını müəyyənləşdirməyin hələ tez olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, BBC bu barədə məlumat yayıb.
“Flydubai” aviaşirkətinə məxsus təyyarə çərşənbə günü uçuşun başlamasından təxminən iki saat sonra 5 200 metr yüksəklik itirib. Sərnişinlər və ekipaj üzvləri hücum edən şəxsi zərərsizləşdirərək təyyarənin idarəetməsini yenidən ələ keçirib və təyyarə təhlükəsiz şəkildə eniş edib.
Hücuma məruz qalan hindistanlı pilot Smit Maççar xəstəxanaya yerləşdirilib və vəziyyətinin stabil olduğu bildirilir. Netanyahu onu “əsl qəhrəman” adlandırıb.
Hadisə ilə bağlı saxlanılan şübhəlinin Səudiyyə Ərəbistanında tutulduğu və Birləşmiş Ərəb Əmirliklərinə təhvil veriləcəyi gözlənilir. Netanyahu “Fox News”a açıqlamasında İranın hadisədə iştirakı ilə bağlı suala cavab olaraq bununla bağlı danışmaq üçün hələ tez olduğunu deyib.
ABŞ Prezidenti Donald Tramp hadisədən sonra Netanyahu ilə danışdığını bildirib. İsrailin müdafiə naziri İsrael Kats isə hadisəni “cihadçı terror aktına cəhd” adlandırıb.
Qeyd edək ki, “Flydubai”nin FZ1073 reysi Dubay Beynəlxalq Hava Limanından Ben-Qurion hava limanına uçurdu. Təyyarədə 174 nəfər olub. Uçuş zamanı təyyarənin hündürlüyünün kəskin azalmasından sonra ekipaj əvvəlcə fövqəladə vəziyyət siqnalı, daha sonra isə qaçırılma siqnalı verib.
12:45 01.10.2026
Oxunuş sayı: 74