2050-ci ilə qədər dünyada yaşlıların sayı 1,6 milyarda çatacaq
Dünyada əhalinin sürətlə qocalması sosial təminat və səhiyyə sistemləri üçün ciddi maliyyə yükü yarada bilər. 2050-ci ilə qədər 65 yaş və yuxarı insanların sayının 1,6 milyarda çatacağı proqnozlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Türkiye Sigorta” şirkətinin hazırladığı hesabatda bildirilib.
Hesabatda qlobal demoqrafik dəyişikliklərin iqtisadiyyata təsiri, əhalinin qocalması fonunda səhiyyə xərclərinin artması, süni intellekt və GLP-1 kimi yeni texnologiyaların yaratdığı imkanlar, eləcə də sığorta və pensiya sektorlarının üzləşə biləcəyi risklər araşdırılıb.
“Türkiye Sigorta”nın xəzinə və pensiyalar üzrə baş direktor müavini Gürol Sami Özer bildirib ki, demoqrafik dəyişikliklərin idarə olunması hökumətlər, pensiya şirkətləri və vətəndaşlar arasında məsuliyyətin balanslı şəkildə bölüşdürülməsini tələb edir.
Onun sözlərinə görə, Avropada hazırda bir təqaüdçüyə 3,4 işləyən düşür. Bu göstəricinin 2050-ci ilə qədər ikiyə enəcəyi gözlənilir. Əhalinin qocalması tibbi xərclərin və kadr çatışmazlığının artmasına səbəb olaraq iqtisadi sistemlər üzərində təzyiqi gücləndirir.
Özer qeyd edib ki, hökumətlər ömür uzunluğundakı artıma uyğun olaraq pensiya yaşının və şərtlərinin avtomatik dəyişdirilməsi mexanizmləri üzərində işləyirlər. Lakin əsas sosial və iqtisadi risklərdən biri yaşayış xərclərinin dövlətin üzərindən fərdlərin üzərinə keçməsi və əhalinin yığım imkanları arasındakı fərqin dərinləşməsidir.
Hesabatda uzun və sağlam ömrü təmin edən texnologiyaların, bahalı biotexnoloji müalicələrin və innovativ dərmanların yalnız yüksək gəlirli insanlar üçün əlçatan olmasının sosial bərabərsizliyi daha da artıra biləcəyi vurğulanıb.
Özerin sözlərinə görə, aşağı gəlirli insanların 44 faizi xroniki xəstəliklərdən əziyyət çəkdiyini bildirir. Yüksək gəlirli qrupda isə bu göstərici 28 faiz təşkil edir. Onun fikrincə, biotexnoloji imkanların genişlənməsi bu fərqi gələcəkdə daha da dərinləşdirə bilər.
Sığorta sektorunun da əhalinin ömrünün uzanması fonunda yeni modellərə keçdiyi bildirilir. Şirkətlər yaşa əsaslanan ödəniş məhdudiyyətlərindən uzaqlaşaraq, ömür uzunluğundakı dəyişiklikləri nəzərə alan daha çevik pensiya və maliyyə modellərindən istifadə etməyə başlayırlar.
04:34 24.09.2026
Oxunuş sayı: 59