Belçika parlamentində süni intellekt dalğası güclənir
Belçikada parlamentə təqdim olunan yazılı sualların təxminən dörddə birinin tamamilə süni intellekt tərəfindən hazırlandığı müəyyənləşdirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Het Nieuwsblad” qəzetinin apardığı araşdırmada bildirilib.
Qəzet 2022–2026-cı illər arasında deputatlar tərəfindən təqdim edilən yüzlərlə yazılı sualı süni intellekt aşkarlama aləti ilə təhlil edib. Nəticələrə görə, sualların 22,5 faizi tamamilə, daha 20,4 faizi isə qismən süni intellekt tərəfindən hazırlanıb.
Belçika parlamentinin spikeri Peter De Rouver süni intellektin nazirlərə ünvanlanan sualların sayını artırmağı asanlaşdırdığını bildirib. Onun sözlərinə görə, bu texnologiya qəzet məqalələrini chatbotlara yükləməklə çoxsaylı suallar hazırlamağa imkan verir və nəticədə parlament fəaliyyətində formal xarakter daşıyan müraciətlərin sayı arta bilər.
Deputat Artur Orlians isə süni intellektdən tərcümə və hüquqi mətnlərin təhlili üçün istifadə etdiyini, lakin parlament suallarının hazırlanmasını texnologiyaya həvalə etmədiyini deyib.
Digər deputat Eva Demesmaeker süni intellektdən sualların hazırlanmasının son mərhələsində qeyri-müəyyən ifadələri müəyyənləşdirmək, dil və orfoqrafik səhvləri düzəltmək üçün istifadə etdiyini açıqlayıb. Onun sözlərinə görə, deputatların müraciətlərinin sayının artması bəzi komitələrə ünvanlanan sualların aylarla cavabsız qalmasına səbəb olub.
01:50 24.09.2026
Oxunuş sayı: 43