Türkiyəli dünya çempionu Avropa çempionatında FİNALDA!
Türkiyənin milli boksçusu Busenaz Sürmeneli Avropa çempionatında 70 kiloqram çəki dərəcəsində finala yüksəlib.
Crossmedia.az xəbər verir ki, Sofiyada yerləşən “Asics Arena”da keçirilən yarışın gündüz sessiyasında rinqə çıxan Busenaz Sürmeneli yarımfinalda Rusiyanı təmsil edən Nadejda Qolubevanı 3:2 hesabı ilə məğlub edib.
Son Avropa çempionu olan Sürmeneli bununla da ardıcıl ikinci dəfə turnirin finalına yüksəlib.
Karyerasında bir Olimpiya, üç dünya və bir Avropa çempionluğu olan 26 yaşlı boksçu 70 kiloqram çəki dərəcəsində ilk böyük turnirində mübarizə aparır.
Busenaz Sürmeneli sentyabrın 25-də final görüşündə İngiltərə təmsilçisi, son dünya çempionatının bürünc medalçısı Şantelle Reydlə qarşılaşacaq.
Yarımfinal görüşündən sonra jurnalistlərə açıqlama verən Sürmeneli rusiyalı boksçuların güclü olduğunu bildirib. O, görüşün final səviyyəsində keçdiyini və finalda da mübarizəyə hazır olduğunu deyib.
Milli boksçu 70 kiloqram çəkiyə yeni uyğunlaşmağa çalışdığını və bu çəkidə ilk böyük turnirində iştirak etdiyini qeyd edib.
Sürmeneli Türkiyə millisində komanda yoldaşlarının dəstəyinin onun üçün əhəmiyyətli olduğunu vurğulayıb. O, Buse Naz Çakıroğlunun turnirdə məğlub olmasına da toxunaraq komanda ruhunun vacibliyini ifadə edib.
Finaldakı rəqibi Şantelle Reid haqqında danışan Sürmeneli onunla əvvəlki yaş qruplarında bir neçə dəfə qarşılaşdığını bildirib. Boksçu finalda Türkiyənin dövlət himninin səsləndirilməsi üçün əlindən gələni edəcəyini deyib.
17:00 23.09.2026
Oxunuş sayı: 38