Türk Telekom COP31-in texnoloji tərəfdaşı olacaq
Türk Telekom Türkiyənin ev sahibliyi edəcəyi COP31 İqlim Konfransına “Master Partner” kimi dəstək verəcək və tədbirin texnologiya infrastrukturunun qurulmasına töhfə verəcək.
Crossmedia.az xəbər verir ki, şirkət bu barədə məlumat yayıb.
9-20 noyabr tarixlərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransında (COP31) Türk Telekom “Qlobal Rəqəmsal Transformasiya və Texnologiya” istiqamətinin dəstəkçisi kimi iştirak edəcək. Şirkət tədbirdə dayanıqlılıq layihələri, texnoloji imkanları, bərpaolunan enerji yatırımları və rəqəmsal inklüzivlik yanaşması ilə təmsil olunacaq.
Şirkətin məlumatına görə, Türk Telekom ABŞ-də keçirilən 19-cu Türkiyə İnvestisiya Konfransında qlobal investorları rəqəmsal infrastruktur yatırımları, texnologiya yönümlü inkişaf strategiyası, iqlim dəyişikliyi ilə mübarizə tədbirləri və dayanıqlılıq yol xəritəsi barədə məlumatlandırıb.
Türk Telekomun bərpaolunan enerji yatırımlarının ilk mərhələsi olan Sivas Günəş Elektrik Stansiyası (GES) illik 128 MVt pik istehsal gücü ilə fəaliyyətə başlayıb. Şirkət Sivasdan sonra Malatya və Ağrıda da GES-lər inşa etməyi planlaşdırır. Bu layihələrin tamamlanması ilə ümumi quraşdırılmış gücün 530 MVt pikə çatdırılması nəzərdə tutulur.
Şirkət 6 min dönüm ərazidə quracağı üç GES vasitəsilə ildə 800 GVt/saat elektrik enerjisi istehsal etməyi və təxminən 350 min ton karbon emissiyasının qarşısını almağı hədəfləyir.
Yaşıl texnologiyaya keçid
Türk Telekom enerji səmərəliliyini artıran yeni nəsil texnologiyaların tətbiqi ilə şəbəkəsinin yaşıl transformasiyasını sürətləndirdiyini bildirir. Şirkətin ötən il həyata keçirdiyi enerji səmərəliliyi layihələri nəticəsində illik 46,7 GVt/saat enerji qənaəti əldə edilib.
Şirkət baz stansiyalarında günəş enerjisi sistemlərinin tətbiqini genişləndirir, sabit və mobil şəbəkələrdə yeni nəsil soyutma texnologiyalarından istifadə edir. Bundan başqa, Türk Telekomun vençur kapitalı şirkəti TT Ventures vasitəsilə həyata keçirilən E4 Şarj – Elektrikli Avtomobil Şəbəkəsi layihəsi elektrikli nəqliyyat infrastrukturunun inkişafına yönəlib.
Türk Telekom məlumat mərkəzlərində də enerji səmərəliliyini artırmaq üçün yeni texnologiyaların tətbiq edildiyini açıqlayıb.
Şirkətin ekoloji göstəriciləri
Türk Telekom “Karbon Şəffaflığı Layihəsi”nin (CDP) 2025-ci il İqlim Dəyişikliyi Proqramında “A” qiymətini qoruyub. Şirkət ilk dəfə iştirak etdiyi Su Təhlükəsizliyi Proqramında isə “A-” qiyməti alıb.
Türk Telekom 2030-cu ilədək emissiyalarını 45 faiz azaltmağı, 2050-ci ildə isə “Net Sıfır” hədəfinə çatmağı qarşıya məqsəd qoyub.
Şirkətin baş icraçı direktoru Ebubekir Şahin bildirib ki, Türk Telekom rəqəmsal transformasiyanı yalnız texnoloji inkişaf deyil, həm də sosial və iqtisadi dəyər yaratmaq vasitəsi kimi qiymətləndirir.
Onun sözlərinə görə, şirkət 2005-ci ildən etibarən Türkiyənin rəqəmsal transformasiyası istiqamətində 24,5 milyard dollar investisiya yatırıb. Şahin qeyd edib ki, Türk Telekom fiber infrastrukturunu genişləndirir, yeni nəsil şəbəkə texnologiyaları üzrə milli tədqiqat və inkişaf işləri aparır, ekoloji texnologiyaları şəbəkəsinə inteqrasiya edir və bərpaolunan enerji layihələrinə investisiya qoyur.
Şahin Türk Telekomun COP31-in “Qlobal Rəqəmsal Transformasiya və Texnologiya” dəstəkçisi kimi tədbirin gələcəyin texnoloji və dayanıqlı həllərinin formalaşdırılmasına töhfə verməsindən məmnunluq ifadə edib.
16:09 23.09.2026
Oxunuş sayı: 39