COP31 öncəsi mühüm mesaj: İsveçrə Türkiyənin enerji təcrübəsindən yararlanmaq istəyir
İsveçrənin Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Guillaume Bertrand Scheurer Türkiyənin günəş və külək enerjisi sahəsində təcrübəsi ilə İsveçrənin təmiz texnologiya və innovasiya imkanlarının COP31 çərçivəsində uzunmüddətli əməkdaşlıqlara çevrilə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Scheurer BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı – COP31 ərəfəsində bildirib ki, İsveçrə COP prosesini ilk gündən yaxından izləyir və iqlim danışıqlarında fəal iştirak edir.
Diplomatın sözlərinə görə, iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənən ölkələrdən biri olan İsveçrə COP31 danışıqlarına xüsusi əhəmiyyət verir. Ölkə konfransa güclü nümayəndə heyəti ilə qatılacaq.
İsveçrə Federal Şurasının üzvü, Ətraf Mühit, Nəqliyyat, Enerji və Kommunikasiya naziri Albert Rösti Antalyaya səfər edəcək. İsveçrə nümayəndə heyətinə isə ölkənin ətraf mühit üzrə səfiri Felix Wertli rəhbərlik edəcək. Nümayəndə heyətində özəl sektor və vətəndaş cəmiyyəti təmsilçilərinin də iştirakı nəzərdə tutulur.
Türkiyənin bərpaolunan enerji təcrübəsi
Scheurer Türkiyənin bərpaolunan enerjinin inkişafı və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirdiyi siyasəti yaxından izlədiklərini bildirib.
O, Türkiyədə daha təmiz enerji mənbələrinə keçidlə bağlı siyasi iradənin olduğunu qeyd edib.
Səfir İsveçrənin enerji keçidi, bərpaolunan enerji, innovasiya və yeni texnologiyalar sahəsində təcrübəyə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, COP31 bu imkanların Türkiyənin enerji sahəsindəki təcrübəsi ilə bir araya gətirilməsi üçün platforma rolunu oynaya bilər.
Günəş və külək enerjisində əməkdaşlıq
Scheurer Türkiyənin xüsusilə günəş və külək enerjisi sahəsindəki imkanlarını yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Türkiyədə bərpaolunan enerji texnologiyaları sahəsində fəaliyyət göstərən güclü şirkətlər var və bu, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün imkan yaradır.
Diplomat bildirib ki, İsveçrə Türkiyənin günəş və külək enerjisi sahəsindəki təcrübəsindən yararlana bilər. Eyni zamanda İsveçrə enerji saxlanc sistemləri, elektrik şəbəkələrinin modernləşdirilməsi və ağıllı enerji sistemləri sahəsində Türkiyəyə töhfə verə bilər.
Scheurer mövcud dialoqun konkret və uzunmüddətli tərəfdaşlıqlara və layihələrə çevrilməsinin vacib olduğunu deyib.
Təmiz texnologiyalar üzrə birgə layihələr
Səfir İsveçrə və Türkiyədəki tədqiqatçılar və şirkətlər arasında birgə layihələrin artırılmasının vacibliyini vurğulayıb.
O qeyd edib ki, İsveçrə innovasiya, elmi-tədqiqat infrastrukturu və təmiz texnologiyalar sahəsində güclü imkanlara malikdir. Türkiyənin isə tətbiqi təcrübəsi, inkişaf edən texnologiya və enerji sektorları mövcuddur.
Scheurerin fikrincə, bu imkanların birləşdirilməsi texnologiya sahəsində birgə pilot layihələrin və tədqiqat tərəfdaşlıqlarının yaradılmasına imkan verə bilər.
O bildirib ki, Türkiyənin günəş və külək enerjisi avadanlıqları, elektrik avadanlıqları və batareya istehsalında artan imkanları İsveçrə şirkətlərinin təchizat zəncirlərinin şaxələndirilməsinə də kömək edə bilər.
Diplomat Türkiyənin günəş və külək elektrik stansiyalarının genişmiqyaslı qurulması sahəsində əldə etdiyi təcrübənin İsveçrə üçün də faydalı ola biləcəyini qeyd edib.
15:03 23.09.2026
Oxunuş sayı: 39