Məşhur reper menecerinin qulağını dişlədi
Rusiyalı reper Ciciqanın (əsl adı Denis Ustimenko-Vaynşteyn) 2019-cu ildə qəzəb tutması zamanı menecerinin qulağının bir hissəsini dişlədiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, “Mash” Telegram kanalı bu barədə məlumat yayıb.
Hadisənin Odessada keçirilən konsert zamanı baş verdiyi bildirilir. İddiaya görə, reperin barabançısı səhnəyə başqa bir DJ ilə birlikdə çıxıb. Ciciqanın keçmiş komanda üzvünün sözlərinə görə, reper musiqiçilərinin yalnız onunla işləməli olduğunu düşündüyü üçün özündən çıxıb.
Məlumata görə, ifaçı qrim otağında əşyaları dağıdıb, insident zamanı isə menecerinin qulağının bir hissəsi qopub. Zərərçəkənin xəstəxanaya aparıldığı və qulağının qopan hissəsinin cərrahi yolla yerinə tikildiyi bildirilir.
“Mash” nümayəndələri zərərçəkənlə əlaqə saxlayıblar. O, hadisəni dolayı yolla təsdiqləsə də, Ciciqandan qorxduğunu bildirərək insidentin təfərrüatlarını açıqlamaqdan imtina edib.
İddiaya görə, münaqişəyə səbəb olan barabançı isə hadisədən sonra keçirdiyi stress səbəbindən çoxlu spirtli içki qəbul edib. Bundan sonra Ciciqanın onu İstanbul hava limanında tək qoyduğu bildirilir.
14:42 23.09.2026
Oxunuş sayı: 41