50 min peyk kosmosa göndərilir: Avropa həyəcan təbili çalır
Avropa İttifaqının daxili bazarı üzrə komissarı Andryus Kubilius Brüsseldə keçirilən 2-ci Aİ Kosmosa Çıxış Konfransında bildirib ki, qarşıdakı 10 ildə dünya üzrə təxminən 50 min peykin kosmosa göndərilməsi gözlənilir. O, mövcud buraxılış imkanlarının bu tələbatı qarşılamaq üçün yetərli olmadığını vurğulayıb.
Crossmedia.az xəbər verir ki, Kubilius Avropa İttifaqının Galileo peyk naviqasiya sistemi, Yer müşahidəsi proqramı Copernicus və təhlükəsiz peyk rabitəsi şəbəkəsi IRIS² kimi layihələri üçün 2034-cü ilədək 62 kosmik buraxılışa ehtiyac olduğunu bildirib.
Komissar qeyd edib ki, yaranmış fərq aradan qaldırılmalıdır. Onun sözlərinə görə, Avropanın kosmik proqramları, müdafiəsi və təhlükəsizliyi bu imkanlardan birbaşa asılıdır.
Kubilius Avropanın kosmosa müstəqil çıxış imkanlarının təmin edilməsini əsas prioritetlərdən biri adlandırıb. O, Aİ-nin xarici raketlərdən asılı vəziyyətdə qalmamalı olduğunu bildirib.
Komissar Avropadakı kosmik buraxılış obyektlərinə, eləcə də istehsal və sınaq mərkəzlərinə səfər edərək onların imkanlarının artırılması yollarını qiymətləndirəcəyini deyib. O, gələn il kosmosa çıxışla bağlı fəaliyyət planı təqdim etməyi hədəflədiyini açıqlayıb.
14:01 23.09.2026
Oxunuş sayı: 37