Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib
Sentyabrın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, komitənin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə son dövrdə Azərbaycanın siyasi, iqtisadi, beynəlxalq həyatında mühüm əhəmiyyətli hadisələrin baş verdiyini bildirib. Komitə sədri dövlətimizin başçısının son aylardakı fəaliyyətinin, xüsusilə Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın davam etdirilməsi, iqtisadi inkişafın yeni mərhələsinin formalaşdırılması, enerji siyasətinin şaxələndirilməsi, kənd təsərrüfatı və ətraf mühitin təhlükəsizliyinin gücləndirilməsi, beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından təqdirəlayiq olduğunu vurğulayıb.
Sonra Sadiq Qurbanov iclasın gündəliyinə 5 məsələnin – 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər barədə hesabat, komitənin payız sessiyası üçün iş planının layihəsi və bir sıra qanun layihələrinin daxil edildiyini söyləyib.
Əvvəlcə, iclasda 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat nəzərə çatdırılıb. Bu barədə komitənin üzvü Vüqar Rəhimzadə məlumat verib.
Sonra komitə sədri Sadiq Qurbanov komitənin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edərək, bildirib ki, qarşıdan gələn dövr ərzində komitədə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, o cümlədən mövcud qanunlarda dəyişikliklər edilməsi haqqında sənədlər müzakirəyə çıxarılacaq.
Daha sonra komitə sədri gündəlikdəki qanun layihələrini təqdim edib.
Əvvəlcə o, “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə “GranTierra Energy (Azərbaycan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi haqqında danışıb.
Diqqətə çatdırılıb ki, Saziş həmin ərazidə karbohidrogen ehtiyatlarının müəyyənləşdirilməsi, perspektiv strukturların qiymətləndirilməsi, həmçinin ehtiyatların işlənməsi və hasilatın təşkil edilməsi ilə bağlı məsələləri ehtiva edir.
Sonra tədbirdə “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən (birinci oxunuş) bəhs edilib. Bildirilib ki, layihəyə əsasən, “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna edilən dəyişiklikdə ətraf mühitin istehsalat monitorinqinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər tərəfindən aparılması, istifadə edilən ölçmə vasitələrinin qanunvericiliyə uyğunluğunun təmin edilməsi və monitorinq nəticələri barədə illik hesabatın növbəti ilin fevral ayının 1-dən gec olmayaraq aidiyyəti dövlət orqanına təqdim edilməsi müəyyən olunur. Bununla yanaşı, sənəddə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna təklif olunan dəyişikliklə sifarişçinin ƏMTQ sənədini aidiyyəti dövlət orqanının rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi üçün həmin orqana təqdim etmək öhdəliyi təsbit edilir.
Komitədə, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) nəzərdən keçirilib.
İclasda 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər məqbul hesab olunub, komitənin cari ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib. Eyni zamanda, gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə olunub.
16:16 22.09.2026
Oxunuş sayı: 43