100 israilli Məscidə hücum etdi
Fələstin torpaqlarını qəsb edən təxminən 100 israilli, işğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsa-ya basqın keçirdi.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Qüds Valiliyindən verilən yazılı açıqlamada bildirilib ki, səhər saatlarında İsrail polisinin himayəsi altında Məscidül-Əqsa-ya basqın edən təxminən 100 fanatik israilli məscidin həyətlərində Talmud ayinləri və duaları yerinə yetirib.
Açıqlamada qeyd olunub ki, bu basqınlar yəhudilərin mühüm dini günlərindən biri olan “Yom Kippur” (Kəffarə Günü) ərəfəsində həyata keçirilib.
İsrail Baş naziri Benyamin Netanyahu, bəzi nazirlər və minlərlə fanatik israilli Şərqi Qüdsün Köhnə Şəhər hissəsində yerləşən Buraq (Ağlama) Divarına basqın etmişdi. Fələstin idarəsinə bağlı Qüds Valiliyi o zaman da Netanyahu və hökumət üzvlərinin Buraq Divarına basqın etdiyini, İsrail qüvvələrinin isə ətrafında intensiv təhlükəsizlik tədbirləri gördüyünü bildirmişdi.
Yəhudi bayramları 12-13 sentyabrda İbrani yeni ili ilə başlayıb. Bayram dövrü 21 sentyabrda başlayacaq Yom Kippur ilə davam edəcək, 26 sentyabr-2 oktyabr tarixlərində Sukot (Çardaqlar) Bayramı və 3 oktyabrda Simhat Tora (Tövratın Xətmi) Bayramı ilə başa çatacaq.
Son dövrdə xüsusilə yəhudi bayramları zamanı Fələstin torpaqlarını qəsb edən israillilərin Məscidül-Əqsa-ya yönəlik basqınlarında artım müşahidə olunur. Fələstin və İordaniya Məscidül-Əqsa-da yeni status-kvo yaradılması və müqəddəs məkanın zaman və məkan baxımından bölünməsi cəhdləri ilə bağlı xəbərdarlıq edir.
İordaniya Xarici İşlər Nazirliyi isə 144 dönümlük ərazisi ilə Məscidül-Əqsa-nın yalnız müsəlmanlara məxsus ibadət yeri olduğunu, İordaniya Vəqflər Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsi və Məscidül-Əqsa İşləri Müdirliyinin Hərəm-i Şərifin idarəetməsi və girişlərin tənzimlənməsindən məsul səlahiyyətli qurum olduğunu vurğulayır.
14:39 20.09.2026
Oxunuş sayı: 58