Rusiya 300 min nəfərlik səfərbərlik planını təkzib etdi
Rusiya hakimiyyətinin 2026-cı ilin sonunadək 300 min nəfərin gizli səfərbərliyə cəlb edilməsi ilə bağlı planı yoxdur.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu RTVI-yə açıqlamasında bildirib.
Peskov bu açıqlamanı Bloomberg-in Rusiyada Dövlət Dumasına seçkilərdən sonra yeni səfərbərliyə hazırlıq görüldüyü barədə məlumatına münasibət bildirərkən verib.
“Xeyr. Belə planlar yoxdur”, – Peskov deyib.
Bloomberg daha əvvəl Rusiyanın 2026-cı ilin sonunadək əlavə 300 min nəfəri orduya cəlb etməyə hazırlaşdığı barədə məlumat yayıb. Agentlik bu iddianı avropalı təhlükəsizlik rəsmisinin məlumatlarına əsaslandırıb. Eyni zamanda Bloomberg-in mənbələri hazırda Kreml tərəfindən belə qərarın qəbul edildiyini göstərən əlamətlərin olmadığını bildiriblər.
Rusiya Prezidenti Vladimir Putin də sentyabr ayında yeni səfərbərliyə ehtiyac olmadığını bildirib. Rusiya rəsmiləri ordunun əsasən müqavilə əsasında hərbçilərin cəlb edilməsi hesabına komplektləşdirildiyini açıqlayıblar.
11:52 19.09.2026
Oxunuş sayı: 65