Ayda şəhər qurmaq üçün su ehtiyatları ilə bağlı narahatedici hesablamalar ortaya çıxıb
Ayda insan istifadəsinə yararlı olduğu ehtimal edilən təxminən 1 milyard ton su ehtiyatının böyük yaşayış məntəqəsi üçün kifayət etməyə biləcəyi müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, “Frontiers in Space Technologies” jurnalında yayımlanan araşdırmada Ayda müxtəlif ölçülü yaşayış məntəqələrinin su tələbatı hesablanıb.
Tədqiqatçılar suyun içməli ehtiyaclarla yanaşı, təmizlik, ərzaq istehsalı, raket yanacağı və oksigen əldə etmək üçün istifadə olunacağını nəzərə alıblar. Hesablamalara görə, Ayda 1 milyon insanın yaşadığı şəhər mövcud su ehtiyatlarını 2,5 ildən də az müddətdə tükədə bilər.
Araşdırmada suyun mümkün qədər təkrar emal edilməsi halında belə ehtiyatların ən çox 100 il davam edə biləcəyi vurğulanıb. Tədqiqatın əsas müəllifi Martin Elvis bildirib ki, bu müddətə yalnız su istehlakının ciddi şəkildə məhdudlaşdırılması ilə nail olmaq mümkündür.
Elvisin sözlərinə görə, mövcud su ehtiyatları nəzərə alındıqda yaxın müddətdə Ayda böyük şəhər salmaq real görünmür. O, qarşıdakı 30 il ərzində daha kiçik, “qəsəbə tipli” yaşayış məntəqəsinin yaradılmasının mümkün ola biləcəyini qeyd edib.
Qeyd edək ki, SpaceX-in qurucusu Elon Musk fevral ayında Marsda məskunlaşma planları əvəzinə Ayda öz-özünü inkişaf etdirə bilən şəhər qurulmasına üstünlük verəcəklərini və bunun 10 ildən az müddətdə mümkün ola biləcəyini bildirmişdi.
01:42 19.09.2026
Oxunuş sayı: 52