Avropada enerji qiymətləri rekord həddə çatdı
Yaxın Şərqdəki vəziyyət fonunda Avropada yanacaq və qaz qiymətlərinin kəskin artması hökumətləri enerji şirkətlərinin əlavə gəlirlərinə vergi tətbiqini müzakirə etməyə vadar edib.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
Almaniyanın maliyyə naziri Lars Klingbeyl enerji şirkətlərinin yaranmış vəziyyətdən sui-istifadə etdiyini bildirib və Avropa Komissiyasını bu məsələyə dair təklif hazırlamağa çağırıb. Almaniya ilə yanaşı İspaniya, Portuqaliya, İtaliya, Polşa və Avstriya da enerji şirkətlərinin əldə etdiyi əlavə gəlirlərin vergiyə cəlb edilməsini dəstəkləyir.
Avropada benzin və dizel qiymətlərinin bəzi ölkələrdə litri 2,70 avronu keçdiyi, qaz qiymətlərinin isə son bir ildə təxminən 150 faiz bahalaşdığı bildirilir. Artan enerji xərcləri əhali arasında narazılığı gücləndirir və gələn il bir sıra Avropa ölkələrində keçiriləcək seçkilər öncəsi hökumətlərə əlavə təzyiq yaradır.
Avropa İttifaqının maliyyə nazirləri enerji şirkətlərinə vahid verginin tətbiqi məsələsini müzakirə etməyə hazırlaşır. Bununla belə, Avropa Komissiyası hələlik Aİ miqyasında belə bir verginin tətbiqi ilə bağlı konkret təşəbbüs irəli sürməyib.
20:04 18.09.2026
Oxunuş sayı: 42