İsrailin F-35-lərinə uzaqmənzilli yeni bomba inteqrasiya edilir
İsrailin F-35 qırıcıları yaxın aylarda Rafael şirkətinin istehsalı olan SPICE 1000 dəqiqavuran bombalarından istifadə edə biləcək.
Crossmedia.az xəbər verir ki, “Defense News” bu barədə məlumat yayıb. Rafael Advanced Defense Systems bildirib ki, SPICE 1000 bombalarının F-35-lərə inteqrasiyası üzrə işlər Lockheed Martin ilə birgə ABŞ-dəki müəssisələrdə aparılır və hazırlıqla sınaqların bir neçə ay ərzində tamamlanması gözlənilir.
Sınaqlar başa çatdıqdan sonra sursatın İsrail Hərbi Hava Qüvvələrinin F-35 parkında operativ istifadəsinə rəsmi icazə veriləcək. Daha sonra bu imkanın dünyanın digər F-35 istifadəçiləri üçün də əlçatan olması nəzərdə tutulur.
SPICE 1000 texnologiyası 1000 funt, yəni təxminən 450 kiloqram ağırlığında ümumi təyinatlı və bunkerlərə qarşı döyüş başlıqlarını yüksək dəqiqlikli sursata çevirir. Bombanın gövdəsindəki qanadlar sayəsində sursat təxminən 121 kilometr məsafədən buraxıla bilir.
SPICE 1000 bombaları bir neçə ildir İsrailin F-15 və F-16 qırıcılarında əsas sursatlardan biri kimi istifadə olunur. Rafael-in məlumatına görə, bu bombalardan İsrailin İrana qarşı son hərbi əməliyyatlarında da istifadə edilib.
18:13 18.09.2026
Oxunuş sayı: 54