Aİ-də Usmanov böhranı: sanksiyalar qismən yumşaldıla bilər
Avropa İttifaqı rusiyalı biznesmen Əlişir Usmanovun sanksiya siyahısında saxlanılması, lakin ona tətbiq edilən bəzi məhdudiyyətlərin yumşaldılması variantını müzakirə edir.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Məlumata görə, Fransa və Slovakiya Rusiyaya qarşı sanksiyaların daha 12 ay uzadılması təklifinin qarşısını alaraq Usmanovun siyahıdan çıxarılmasını tələb edib. Buna görə Aİ ölkələri sanksiyaların müddətini əvvəlcə yalnız bir həftə – sentyabrın 22-dək uzadıblar.
Hazırda Aİ Şurasının İrlandiyanın sədrliyi və Avropa Xarici Fəaliyyət Xidməti Usmanovun sanksiya siyahısında saxlanılması, lakin aktivlərinin dondurulması və Aİ-yə giriş qadağası kimi bəzi məhdudiyyətlərin qismən aradan qaldırılması variantını təklif edib.
Müzakirələrdə Almaniya və İtaliyanın Fransanın mövqeyinə dəstək verə biləcəyi bildirilir. Bununla yanaşı, bir sıra Aİ ölkələri belə bir güzəştin sanksiya mexanizmini zəiflədə və digər sanksiyaya məruz qalan şəxslər üçün presedent yarada biləcəyindən narahatdır.
Usmanov 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından sonra Aİ-nin sanksiya siyahısına daxil edilib. O, sanksiyaların tətbiqinə qarşı Avropa məhkəmələrində hüquqi mübarizə aparır.
Hazırda Aİ ölkələri arasında yekun razılaşmanın əldə olunması üçün danışıqlar davam edir. Sanksiyaların müddətinin uzadılması üçün bütün 27 üzv dövlətin razılığı tələb olunur.
18:07 18.09.2026
Oxunuş sayı: 44