Böyük Britaniyada Gənclər Parlamentinin gələcəyi sual altındadır
Böyük Britaniyanın Gənclər Parlamenti hökumətin maliyyələşdirməni davam etdirəcəyinə zəmanət verməməsi səbəbindən yaxın aylarda fəaliyyətini dayandıra bilər.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb. 2000-ci ildə yaradılan qurum siyasətə gənclərin marağını artırmaq məqsədi daşıyır və 11–18 yaş aralığında 300-dən çox seçilmiş üzvü var. Gənc parlamentarilər ildə bir dəfə deputatların iclas keçirmədiyi gündə İcmalar Palatasında debatlar keçirirlər.
Mədəniyyət, Media və İdman Departamenti (DCMS) parlamenti hər il dövlət büdcəsindən maliyyələşdirir, lakin 2027-ci ilin martından sonra yeni qrant ayıracağı ilə bağlı öhdəlik götürməyib. Qurum ötən il 453 min funt sterlinq dövlət vəsaiti alıb, 2017–2024-cü illərdə isə gənclərlə bağlı digər təşəbbüslərlə birlikdə ona təxminən 2,4 milyon funt sterlinq dövlət vəsaiti ayrılıb.
Hökumət nümayəndəsi bildirib ki, proqramın hazırkı formatda davam etdirilməsi ilə bağlı qərar verilməyib. Bəzi deputatlar və gənclər parlamentin ləğvinin gənclərin demokratiyada iştirakına zərbə vuracağını düşünür, digər tərəfdən isə qurumun ayrılan vəsaitə uyğun nəticə vermədiyini deyənlər var.
23:02 17.09.2026
Oxunuş sayı: 46