Meta saxta reklamlara görə məsuliyyət daşıya bilər
Almaniya məhkəməsi “Meta” şirkətinin Facebook və Instagram platformalarında üçüncü tərəflər tərəfindən yayımlanan saxta reklamlara görə hüquqi məsuliyyət daşıya biləcəyinə qərar verib.
Crossmedia.az xəbər verir ki, “Deutsche Welle” bu barədə məlumat yayıb.
Frankfurt Regional Məhkəməsi “Meta”nın maliyyə məlumatları üzrə portalın loqosundan, eləcə də portalın tanınmış təsisçisinin adı və fotolarından qanunsuz istifadə edilən saxta reklamların yayımlanmasını və yayılmasını dayandırmalı olduğunu bildirib.
Məhkəməyə müraciəti maliyyə məhsulları üzrə müqayisə kalkulyatorları, məhsul icmalları və istehlakçılar üçün məsləhətlər təqdim edən onlayn portalın fəaliyyətini həyata keçirən şirkət, həmçinin onun təsisçisi və baş direktoru edib. Portalın “Instagram”da 600 mindən çox, “Facebook”da isə təxminən 29 min izləyicisi var.
Məhkəmənin məlumatına görə, naməlum şəxslər şirkətin qeydiyyatdan keçmiş loqosundan və təsisçinin fotolarından istifadə edərək saxta maliyyə investisiyalarını reklam edib, istifadəçiləri xarici keçidlərə yönləndiriblər.
Bir sıra istifadəçilər daha sonra bu barədə portalın nümayəndələrinə müraciət ediblər.
Şirkət yalnız 2024-cü ilin avqustunda “Meta”ya 260-a yaxın belə pozuntu barədə məlumat verib. Buna baxmayaraq, eyni və ya oxşar reklamlar platformalarda görünməkdə davam edib. Məhkəmənin bildirdiyinə görə, bəzi reklamların silinməsi 62 günə qədər vaxt aparıb.
Məhkəmə bu reklamların şirkətin kommersiya nüfuzuna və hüquqi müdafiə olunan maraqlarına, həmçinin təsisçinin şəxsi hüquqlarına ciddi müdaxilə olduğunu müəyyən edib.
“Meta” alqoritmlər vasitəsilə məzmuna nəzarət edir
Məhkəmə “Meta”nın Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktına əsasən saxta məzmundan əvvəlcədən xəbərdar olmadığı üçün məsuliyyətdən azad edilməsinə dair arqumentini qəbul etməyib.
Hakimlər Avropa İttifaqı Ədalət Məhkəməsinin son qərarına istinad edərək bildiriblər ki, platforma göstərilən məzmuna nəzarət etdiyi hallarda məsuliyyətdən azadolma qaydaları eyni şəkildə tətbiq edilmir.
Məhkəmənin qənaətinə görə, “Meta” reklamların istifadəçilərə göstərilmə sırasını və vaxtını avtomatlaşdırılmış hərrac sistemi vasitəsilə müəyyən edir. Şirkətin alqoritmləri həmçinin məzmunun istifadəçilərin lentlərində yayılmasına nəzarət edir.
Məhkəmə bildirib ki, bu xüsusiyyətlər “Meta”nın reklam məzmununa nəzarət etdiyini göstərir və platformanı yalnız xronoloji ardıcıllıqla məzmun təqdim edən xidmətlərdən fərqləndirir.
Qərara əsasən, “Meta” eyni və ya oxşar saxta reklamların gələcəkdə yayılması nəticəsində yaranacaq zərərə görə iddiaçılara kompensasiya ödəməlidir.
Şirkət həmçinin yayımlanan reklamlarla bağlı məlumatları təqdim etməli və həmin reklamlardan əldə etdiyi gəliri açıqlamalıdır.
00:43 18.09.2026
Oxunuş sayı: 37