Aİ-dən 12 MİLYARD AVROLUQ sərmayə planı
Avropa İttifaqı Cənubi Qafqazı və Mərkəzi Asiyanı Avropa bazarı ilə birləşdirən Orta Dəhlizin inkişafı üçün €12 milyardadək dövlət və özəl investisiya cəlb etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu barədə Avropa Parlamentində Avropa İttifaqının vəziyyətinə dair çıxışı zamanı məlumat verib.
Bildirilib ki, maliyyələşdirmə Aİ-nin Global Gateway təşəbbüsü çərçivəsində cəlb olunacaq. Layihənin əsas məqsədlərindən biri regionla Avropa arasında nəqliyyat və ticarət əlaqələrini genişləndirməkdir.
Fon der Lyayenin sözlərinə görə, Aİ 2030-cu ilə qədər Orta Dəhliz üzrə ticarət axınlarını üç dəfə artırmağı və yüklərin tranzit müddətini əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir.
Orta Dəhliz Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi və Cənubi Qafqaz üzərindən Avropa bazarlarına çıxışı təmin edən Transxəzər nəqliyyat marşrutudur. Aİ bu marşrutu regionla ticarət əlaqələrinin şaxələndirilməsi baxımından mühüm istiqamətlərdən biri kimi nəzərdən keçirir.
Ursula fon der Lyayen, həmçinin nəqliyyat bağlantısına həsr olunmuş regional sammitin keçiriləcəyini açıqlayıb.
13:57 16.09.2026
Oxunuş sayı: 46