Beşiktaş Avropa kuboklarında 265-ci oyununa çıxacaq
UEFA Avropa Liqasının liqa mərhələsinin ilk turunda Fransanın “Marsel” klubunu qəbul edəcək “Beşiktaş” Avropa kuboklarında 265-ci oyununu keçirəcək.
Crossmedia.az xəbər verir ki, indiyədək avrokuboklarda 264 matça çıxan İstanbul təmsilçisi 102 qələbə qazanıb. “Beşiktaş” 50 oyunda heç-heçə edib, 112 qarşılaşmada isə məğlub olub. Bu oyunlarda ağ-qara komanda 356 qol vurub, qapısında isə 396 top görüb. 1959-cu ildən başlayan Avropa macərasında “Beşiktaş” seçmə mərhələlər də daxil olmaqla Türkiyəni 47 dəfə beynəlxalq arenada təmsil edib.
Klub Avropa Çempion Klublar Kuboku və UEFA Çempionlar Liqasında 19, Kuboklar Kubokunda 7, UEFA Kuboku və UEFA Avropa Liqasında 19, UEFA Konfrans Liqasında isə 2 dəfə iştirak edib.
“Beşiktaş” Avropa futbolunun klub səviyyəsində ikinci ən nüfuzlu turnirində 139 oyun keçirib.
Bu görüşlərdə 62 qələbə qazanan İstanbul klubu 25 dəfə heç-heçə edib, 52 matçda isə məğlub olub. “Beşiktaş” Avropa Liqası və UEFA Kubokundakı oyunlarda 217 qol vurub, 181 qol buraxıb.
“Marsel”lə qarşılaşma “Beşiktaş”ın Avropa kuboklarında evdə keçirəcəyi 133-cü matç olacaq.
Türkiyə klubu indiyədək doğma meydanda 132 avrokubok oyununa çıxıb. Bu görüşlərin 67-də qələbə qazanan “Beşiktaş” 26 dəfə heç-heçə edib, 39 dəfə isə məğlub olub.
Komanda ev oyunlarında rəqib qapılarına 205 qol vurub, öz qapısında 150 qol görüb.
“Beşiktaş” və “Marsel” tarixlərində üçüncü dəfə üz-üzə gələcək.
Komandalar ilk dəfə 2007-2008 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində qarşılaşıblar. Həmin mövsümdə Fransada keçirilən görüşdə “Marsel” 2:0 hesabı ilə qalib gəlib. İstanbulda oynanan cavab matçında isə “Beşiktaş” 2:1 hesablı qələbə qazanıb.
“Beşiktaş”ın Fransa klubları ilə 12-ci oyunu
“Marsel”lə matç “Beşiktaş”ın Fransa klublarına qarşı 12-ci görüşü olacaq.
İndiyədək Fransa təmsilçiləri ilə 11 oyun keçirən “Beşiktaş” 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 4 dəfə məğlub olub. İstanbul klubu bu matçlarda 15 qol vurub və eyni sayda qol buraxıb.
“Beşiktaş” daha əvvəl “Lion”la 3, “Monako”, “Marsel”, PSJ və “Oser”lə isə 2 dəfə qarşılaşıb.
“Marsel” Türkiyə klubları ilə 11-ci dəfə oynayacaq
“Marsel” daha əvvəl Türkiyə klubları ilə 10 dəfə qarşılaşıb.
Fransa təmsilçisi UEFA Çempionlar Liqası və Avropa Liqasındakı bu oyunlarda 3 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət əldə edib.
“Marsel” indiyədək “Beşiktaş”, “Fənərbağça”, “Qalatasaray”, “Konyaspor” və “Əskişəhərspor”la qarşılaşıb.
“Beşiktaş”ın İstanbuldan kənarda keçirdiyi 3 ev oyunu
“Beşiktaş” Avropa kuboklarında ev sahibi olduğu üç qarşılaşmanı İstanbuldan kənarda keçirməli olub.
1986-1987 mövsümündə Şampiyon Klublar Kubokunun 1/4 finalında Kiyev “Dinamo”su ilə İstanbulda keçirilməli olan oyun hava şəraiti səbəbindən İzmirdə baş tutub. Həmin matçda “Beşiktaş” 0:5 hesabı ilə məğlub olub.
2003-2004 mövsümündə isə İstanbulda baş verən terror aktı səbəbindən “Çelsi” ilə ev oyunu Almaniyanın Gelzenkirxen şəhərində keçirilib. “Beşiktaş” həmin qarşılaşmada 0:2 hesabı ilə uduzub.
2024-2025 mövsümündə İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə ev oyunu da təhlükəsizlik səbəbindən Macarıstanda keçirilib. Debretsendəki görüşdə “Beşiktaş” 1:3 hesabı ilə məğlub olub.
Ən böyük qələbə B36 Torshavn üzərində
“Beşiktaş” Avropa kuboklarında ən böyük hesablı qələbəsini Farer adalarının B36 “Torshavn” klubuna qarşı qazanıb.
2018-2019 mövsümündə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində rəqibini doğma meydanda 6:0 hesabı ilə məğlub edən İstanbul klubu tarixinin ən böyük avrokubok qələbəsinə imza atıb.
“Beşiktaş” 2002-2003 mövsümündə UEFA Kubokunun ilk turunun cavab matçında “Sarayevo”nu səfərdə 5:0 hesabı ilə məğlub edib.
Bundan başqa, İstanbul təmsilçisi Avropa Liqasında “Makkabi” (Təl-Əviv) və İsveçrənin “Luqano” klublarını da 5:1 hesabı ilə üstələyib.
Ən ağır məğlubiyyət “Liverpul”a qarşı
“Beşiktaş”ın Avropa kubokları tarixində ən ağır məğlubiyyəti “Liverpul”a qarşı olub.
2007-2008 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində İngiltərədə keçirilən görüşdə “Beşiktaş” rəqibinə 0:8 hesabı ilə uduzub.
İstanbul klubu 2000-2001 mövsümündə səfərdə “Lids Yunayted”ə, 2016-2017 mövsümündə isə Kiyev “Dinamo”suna 0:6 hesabı ilə məğlub olub.
Oktay Derelioğlu 30 ilə yaxındır rekordçudur
“Beşiktaş”ın Avropa kuboklarında ən çox qol vuran futbolçusu Oktay Derelioğludur.
1993-1999-cu illərdə klubun formasını geyinən Derelioğlu Avropa oyunlarında 14 qol vurub.
Onu 13 qolla Vinsent Abubakar və Cenk Tosun izləyir. Rikardo Kuarejma və Bobo isə avrokuboklarda 12 qola imza atıblar.
“Beşiktaş”ın hazırkı heyətində Milot Raşitsa 4, kapitan Orkun Kökçü 3, Semih Kılıçsoy 2, Hyeon-gyu Oh və Amir Murillo isə 1 qol vurub.
13:02 16.09.2026
Oxunuş sayı: 50