Rusiyaya qarşı yeni sanksiya layihəsi NÖVBƏTİ MƏRHƏLƏYƏ KEÇDİ
ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsinin yekun səsverməyə çıxarılmasına imkan verən prosedur səsverməsi keçirilib.
Crossmedia.az xəbər verir ki, qanun layihəsi Nümayəndələr Palatasında 214 səslə 211 səsə qarşı irəlilədilib.
Sənəd ABŞ prezidentinə Rusiyadan neft və qaz alan əsas ölkələrə qarşı 100 faizə qədər gömrük rüsumları tətbiq etmək səlahiyyəti verə bilər. Bu mexanizmin əsas hədəfləri arasında Rusiyanın böyük enerji alıcıları olan ölkələr, o cümlədən Çin və Hindistan göstərilir.
Qanun layihəsi Rusiyaya qarşı əlavə maliyyə və iqtisadi məhdudiyyətlər, həmçinin sanksiyalardan yayınmada iştirak edən şəxslər və qurumlara qarşı tədbirlər nəzərdə tutur.
Sənəd daha əvvəl ABŞ Senatında 86 lehinə, 11 əleyhinə səslə qəbul edilib. Nümayəndələr Palatasında yekun səsvermənin isə 16 sentyabrda keçirilməsi planlaşdırılır.
Qanun qüvvəyə minərsə, 100 faizə qədər rüsumun tətbiqi avtomatik olmayacaq. Bu səlahiyyətin ABŞ prezidentinə verilməsi nəzərdə tutulur və konkret rüsumların tətbiqi prezidentin qərarından asılı olacaq.
10:17 16.09.2026
Oxunuş sayı: 50