Ukraynada müharibə zamanı heyvanları xilas edənlərdən bəhs edən film təqdim olunacaq
2026-cı il avqustun 27-dən sentyabrın 4-dək Kiyevdə keçiriləcək Odessa Beynəlxalq Film Festivalı çərçivəsində Ryatuy (Rescue) adlı sənədli filmin Ukrayna premyerası baş tutacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Film ABŞ-nin müstəqil prodüser şirkəti We Are All Animals və Ukraynanın Kojna Tvaryna təşkilatının birgə istehsalıdır.
Sənədli film tammiqyaslı müharibənin ilk illərində döyüş bölgələrində qalan minlərlə heyvanın xilas edilməsindən bəhs edir. Ev heyvanlarından kənd təsərrüfatı heyvanlarına qədər çoxsaylı canlılar təhlükəli ərazilərdə köməksiz qalıb.
Filmin qəhrəmanları atəşə tutulma təhlükəsi altında cəbhəyanı bölgələrə gedərək heyvanları xilas edirlər. Məlumata görə, müharibə başlayandan bu üsulla 30 mindən çox heyvanın həyatını xilas etmək mümkün olub.
Filmin çəkilişləri Konstantinovkadan Pokrovska, Xarkov vilayətindən Zaporojyeyə qədər müxtəlif cəbhəyanı ərazilərdə aparılıb.
Sənədli filmdə müxtəlif ölkələrdən olan insanların hekayələri göstərilir. Onların arasında xilasediciyə çevrilmiş keçmiş ukraynalı hərbçi, təhlükəsiz həyatını geridə qoyaraq Ukraynaya gələn isveçrəli könüllü, müharibədən sağ çıxan pişikləri xilas edən bolqarıstanlı qadın və Kiyev vilayətində sığınacaq yaradan italiyalı da var.
Xilas edilən heyvanlar arasında bombalanmış kənddən çıxarılan Olenka adlı keçi də yer alır. O, filmin simvollarından birinə çevrilib.
Layihənin icraçı prodüseri britaniyalı aktrisa və rejissor Sedi Frost olub. Filmin rejissoru isə italyan-amerikalı sənədli film müəllifi Alessio Skiazza-dır.
Rejissor bildirib ki, Ryatuy onun yaradıcılığında mühüm mərhələdir və film müharibə şəraitində insanlıq, mərhəmət və heyvanların qorunması məsələlərinə diqqət çəkir.
Filmin beynəlxalq premyerası 2026-cı ilin iyununda Londonda keçirilən Raindance Film Festivalında baş tutub.
08:50 20.08.2026
Oxunuş sayı: 64