CROSSMEDIA - Analitik İnformasiya Portalı

Xarici xəbərlər

06:00 08.07.2025

İndoneziyada vulkan püskürməsi: Küllər 18 kilometr yüksəkliyə çatıb

1

İndoneziyanın şərqində yerləşən Lewotobi Laki-Laki vulkanı püskürüb. Yerli vaxtla saat 11:05-də (Bakı vaxtı ilə 06:05) baş verən püskürmə nəticəsində vulkandan çıxan kül sütunu 18 kilometr yüksəklikdə qeydə alınıb. Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Vulkan Elmləri Agentliyi məlumat yayıb. Bildirilib ki, Flores adasında yerləşən, 1 584 metr hündürlüyündəki vulkanın püskürməsi zamanı havaya qalxan küllər, təxminən 18 min metr hündürlüyə çatıb. Agentlik həmçinin əhaliyə “lahar” — yəni palçıq və vulkan materiallarının qarışması ilə yaranan təhlükəli sel riski barədə xəbərdarlıq edib. Bildirilib ki, bölgədə güclü yağışlar olacağı təqdirdə, xüsusən çaylar ətrafında yaşayan insanlar üçün risk daha da artacaq. İndoneziya Geologiya Agentliyinin rəhbəri Məhəmməd Vafid isə bildirib ki, vulkanın aktivliyi çox yüksək səviyyədədir və bölgədə ardıcıl partlayışlar və yeraltı təkanlar müşahidə olunur. O, sakinlərə vulkandan ən azı 6 kilometr uzaqlaşmağı və havaya qarışan külə qarşı qoruyucu maskalardan istifadə etməyi tövsiyə edib. Qeyd edək ki, ötən ay da İndoneziyada baş verən vulkan püskürməsi nəticəsində Baliyə uçuşlar dayandırılmış, bir neçə yaşayış məntəqəsi boşaldılmışdı. Lewotobi Laki-Laki vulkanı noyabr ayında da bir neçə dəfə püskürmüş, həmin hadisələrdə azı 9 nəfər həlak olmuş, minlərlə insan təxliyə edilmişdi. Hazırkı püskürmə ilə əlaqədar beynəlxalq uçuşların ləğvi barədə isə hələlik rəsmi açıqlama verilməyib. Mədinə Cəlilova

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR