ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərində süni intellekt sistemi yerləşdirəcək
ABŞ Hərbi Dəniz Qüvvələri hərbi gəmilərdə süni intellekt əsaslı Intelligent Perception System (IPS) sisteminin tətbiqi üçün “Applied Intuition” şirkəti ilə 25 milyon dollarlıq müqavilə imzalayıb.
Crossmedia.az xəbər verir ki, “Breaking Defense” bu barədə məlumat yayıb.
IPS müxtəlif kameralardan və infraqırmızı sensorlardan daxil olan məlumatları birləşdirərək heyətə ətraf mühitin vahid mənzərəsini təqdim edəcək. Sistem digər gəminin təhlükəli məsafəyə yaxınlaşması zamanı avtomatik xəbərdarlıq da verəcək.
Sistemin ilkin mərhələdə “Arleigh Burke” sinfinə aid beş esminesdə quraşdırılması nəzərdə tutulur. Müqavilə ABŞ Hərbi Dəniz Qüvvələrinin kompüter görməsi texnologiyaları üzrə məlumat toplama infrastrukturunu inkişaf etdirməyə yönəlmiş DECK pilot proqramının davamıdır.
“Applied Intuition” şirkətinin həmtəsisçisi və texniki direktoru Piter Lüdviqin sözlərinə görə, hazırda dəniz əməliyyatlarında vəziyyət barədə məlumatlar müxtəlif şəbəkələrdə və kağız qeydlərdə parçalanmış şəkildə saxlanılır. Yeni sistem məlumatların birləşdirilməsini və təhdidlərin daha operativ müəyyənləşdirilməsini təmin edəcək.
IPS toplanmış məlumatları təhlükəsizlik tələblərinə və rabitə imkanlarına uyğun olaraq sahilə ötürəcək. Bu məlumatlardan həm ekipajlı, həm də pilotsuz gəmilər üçün daha təkmil süni intellekt modellərinin hazırlanmasında istifadə olunacaq. Yenilənmiş modellər gəmilər limana qayıtmadan, birbaşa dənizdə olarkən onlara ötürülə biləcək.
2017-ci ildə yaradılmış “Applied Intuition” şirkəti avtomobil sənayesi, müdafiə və digər sahələr üçün süni intellekt texnologiyaları hazırlayır.
00:50 23.10.2026
Oxunuş sayı: 47