“Aztelekom”un internet tariflərinin artırılması ilə bağlı müraciəti rədd edilib
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Aztelekom” MMC-nin internetin minimum sürətinin və buna uyğun tarifin artırılması ilə bağlı müraciətini rədd edib.
Crossmedia.az xəbər verir ki, bunu informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz bildirib.
Ekspertin sözlərinə görə, hazırda istifadəçilərin 90 faizdən çoxu 100 Mbit/s və daha aşağı sürətli internet paketlərindən yararlanır. Buna görə də minimum sürətin bütün abonentlər üçün artırılması zəruri hesab edilmir. İstifadəçilərin fərqli tariflər arasında seçim imkanının qorunması vacibdir.
Xatırladaq ki, 15 avqust 2024-cü ildə internet tariflərində dəyişiklik edilib. Həmin vaxt minimum paket 40 Mbit/s sürət və 18 manatlıq tarifdən 100 Mbit/s sürət və 25 manatlıq tarifə yüksəldilib. Nəticədə minimum aylıq ödəniş təxminən 40 faiz artıb.
Osman Gündüz qeyd edib ki, ölkədə keyfiyyətli və yüksəksürətli internetin təmin edilməsi vacibdir. Lakin bu məqsədə minimum tarifi bütün abonentlər üçün artırmaqla nail olmaq düzgün yanaşma deyil. Onun fikrincə, internet xidmətlərinin əhali üçün əlçatanlığı qorunmalı və istifadəçilərə büdcələrinə uyğun paket seçmək imkanı verilməlidir.
21:55 22.10.2026
Oxunuş sayı: 57