İrpendəki Zərifə Əliyeva adına liseyin kollektivi Azərbaycana səfər edib
Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına Humanitar "Linqvist" liseyinin bir qrup şagirdi və müəllimi Azərbaycana gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, səfər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəvəti ilə təşkil olunub.
Səfər çərçivəsində ukraynalı məktəblilər Bakı, Qəbələ, Şəki və Zaqatalada olacaq, burada Azərbaycanın zəngin mədəni irsi, ənənələri və müasir inkişafı ilə tanış olacaqlar.
"Belə təşəbbüslər Ukrayna və Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfədir, ukraynalı uşaqların inkişafı, istirahəti və mədəniyyətlərarası dialoqu üçün yeni imkanlar yaradır", - o qeyd edib.
Bununla yanaşı, diplomat Ukraynaya dəstəyə və ukraynalı uşaqlara göstərilən qayğıya görə SOCAR-a və azərbaycanlı tərəfdaşlara təşəkkürünü bildirib. (Report)
12:21 09.06.2026
Oxunuş sayı: 52