ABŞ ilə əməkdaşlıq üçün geniş imkanlar açılır- RƏY
Azərbaycan–ABŞ münasibətləri son dövrlərdə təkcə siyasi və təhlükəsizlik gündəliyi ilə deyil, eyni zamanda iqtisadiyyat, enerji və texnologiya sahələrində formalaşan yeni əməkdaşlıq istiqamətləri ilə də diqqət çəkir. ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun Birinci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində Vaşinqtonun Bakı ilə enerji tərəfdaşlığının genişləndirilməsində maraqlı olduğunu bəyan etməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyi ilə bağlı müzakirələri aktuallaşdırıb. Xüsusilə enerji təhlükəsizliyi, investisiya imkanları və iqtisadi əlaqələrin şaxələndirilməsi fonunda bu tərəfdaşlığın gələcək perspektivləri daha çox diqqət mərkəzinə çıxır. Bəs hazırda Azərbaycanla ABŞ arasında münasibətlər hansı səviyyədədir və yaradılan yeni tərəfdaşlıqlar hər iki tərəfə hansı imkanları vəd edir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə Crossmedia.az-a açıqlama verib: “Donald Tramp administrasiyası dövründə münasibətlər xeyli irəliləyib. Hazırda Azərbaycanla Amerika arasında strateji dialoq davam edir. Bir sıra istiqamətlər üzrə, o cümlədən energetika, süni intellekt, texnologiyaların transferi, müdafiə sənayesi və digər sahələrdə yeni səhifələr açılır, yeni layihələr irəli sürülür və yeni təşəbbüslər formalaşır. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, ikitərəfli münasibətlərin inkişafı Vaşinqtonun dəstək verdiyi sülh prosesi ilə paralel şəkildə irəliləyir. Yəni burada Amerika həm Cənubi Qafqazda sülh prosesinə dəstək verir, həm də Azərbaycanla münasibətləri yeni mərhələyə və daha yüksək səviyyəyə qaldırmağa çalışır”.
Deputat əlavə edib ki, bu Azərbaycanın da maraqlarına uyğundur: “Çünki Azərbaycanda hazırda həm iqtisadi inkişaf prosesi gedir, həm qeyri-neft sektorunun inkişafına ciddi ehtiyac var, həm də yeni texnologiyaların ölkəyə gətirilməsi prioritet istiqamətlərdən biridir. Bütün bu sahələrdə Amerika ilə geniş əməkdaşlıq imkanları açılır və bu əməkdaşlıq gələcəkdə daha böyük nəticələr verə bilər”.
Ayhan
12:54 04.06.2026
Oxunuş sayı: 66