Bakı–Tbilisi–Qars dəmiryolu xəttinin önəmii artır
Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı, nəqliyyat və logistika dəhlizlərinin strateji əhəmiyyətinin artdığı bir dövrdə regionlararası bağlantıları təmin edən infrastruktur layihələri xüsusi önəm qazanır. Bu baxımdan Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat arteriyalarından biri olan Bakı–Tbilisi–Qars dəmiryolu xətti təkcə yükdaşımaların sürətləndirilməsi deyil, həm də regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından diqqət mərkəzindədir.
Son illərdə xətt üzrə həyata keçirilən yenidənqurma və modernləşdirmə işləri Bakı–Tbilisi–Qarsın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Artan beynəlxalq yük axını, Orta Dəhlizə marağın yüksəlməsi və alternativ tranzit marşrutlarına ehtiyac bu layihənin strateji əhəmiyyətini daha da artırır. Mütəxəssislər hesab edirlər ki, sözügedən dəmiryolu xətti həm region ölkələrinin iqtisadi imkanlarının genişlənməsinə, həm də Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Azərbaycan Prezidenti Bakı Enerji Həftəsinin açılış mərasimində çıxışı zamanı ölkədə infrastrukturun inkişafı, nəqliyyat və logistika məsələlərinə də xüsusi diqqət ayırdı. Dövlət başçısı vurğuladı ki, enerji sektorunun inkişafı ilə yanaşı, müasir nəqliyyat və logistika infrastrukturunun formalaşdırılması da Azərbaycanın strateji prioritetlərindən biridir. Məhz bu istiqamətdə həyata keçirilən layihələr ölkənin iqtisadi potensialının genişlənməsinə və beynəlxalq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan Bakı–Tbilisi–Qars dəmiryolu xəttinin modernləşdirilərək tam gücü ilə istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Layihə bir tərəfdən Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verir, digər tərəfdən isə ölkənin regionda artan rolunu və təşəbbüskar mövqeyini nümayiş etdirir. Bakı–Tbilisi–Qars layihəsinin reallaşdırılmasının əsas təşəbbüskarlarından biri məhz Azərbaycan olub. Rəsmi Bakı layihənin həyata keçirilməsi üçün Gürcüstana uzunmüddətli maliyyə dəstəyi göstərərək bu mühüm nəqliyyat xəttinin reallaşmasına mühüm töhfə verib. Son illərdə həyata keçirilən modernləşdirmə işləri nəticəsində Bakı–Tbilisi–Qars dəmiryolunun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Bu isə marşrut üzrə daha çox yükün daşınmasına imkan yaradır. Müasir, sürətli və etibarlı nəqliyyat xətti olan Bakı–Tbilisi–Qars həm yük, həm də sərnişin daşımalarında mühüm rol oynayır. Layihə Azərbaycan, Gürcüstan və digər ölkələrin vətəndaşları üçün daha geniş səfər imkanları yaradır, regionlararası əlaqələrin inkişafına xidmət edir. Xüsusilə nəzərə almaq lazımdır ki, hazırda dünyada qatar turizminə maraq sürətlə artır. Bu baxımdan Bakı–Tbilisi–Qars xətti regionda turizmin inkişafına da əlavə töhfə verə bilər. Yeni marşrutlar və rahat nəqliyyat imkanları ölkələr arasında turist axınının artmasına şərait yaradacaq".
O bildirib ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla və qonşu dövlətlərlə strateji əməkdaşlığın dərinləşdirilməsində maraqlı olan ölkədir: "Xüsusilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış strateji tərəfdaşlıq regional sabitliyin və iqtisadi inkişafın vacib elementlərindən biridir. Ölkələr həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinin mövqelərini dəstəkləyir. Bakı–Tbilisi–Qars layihəsi də bu əməkdaşlığın mühüm nəticələrindən biri olmaqla yanaşı, Azərbaycanın beynəlxalq tərəfdaşlıq imkanlarını daha da genişləndirir. Nəqliyyat və logistika infrastrukturunun inkişafı Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Eyni zamanda Bakı–Tbilisi–Qars xətti Orta Dəhlizin imkanlarının genişləndirilməsinə mühüm dəstək verir. Son illərdə Rusiya-Ukrayna müharibəsi, eləcə də müxtəlif regionlarda geosiyasi gərginliklər fonunda Orta Dəhlizə maraq əhəmiyyətli dərəcədə artıb. Artıq bu marşrut yalnız Çin və digər Asiya ölkələri üçün deyil, Avropa dövlətləri üçün də strateji əhəmiyyət daşıyan nəqliyyat dəhlizinə çevrilib. Bu səbəbdən Orta Dəhliz üzrə yükdaşımaların artırılması üçün infrastrukturun genişləndirilməsi zəruri idi və Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi məhz bu məqsədə xidmət edir. Layihə region üzərindən daha çox yükün daşınmasına, tranzit imkanlarının genişlənməsinə və beynəlxalq logistika şəbəkəsinin daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradır. Nəticə etibarilə, Bakı–Tbilisi–Qars dəmiryolu xətti region üçün alternativ deyil, beynəlxalq yükdaşımaları dəstəkləyən əsas logistika marşrutlarından biridir. Layihə regionun geosiyasi və geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycan, Gürcüstan və digər iştirakçı ölkələrin tranzit gəlirlərinin yüksəlməsinə, iqtisadi inkişafın sürətlənməsinə və beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verir".
Elmir Heydərli
11:16 04.06.2026
Oxunuş sayı: 53