Azərbaycanla əməkdaşlıq Ukraynaya niyə lazımdır?
Ukrayna Azərbaycanla enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində və yeni birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
Bu barədə Ukrayna rəsmi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı bəyan edilib. Səfər çərçivəsində qarşıdan gələn istilik mövsümünə hazırlıq, Ukraynanın enerji sisteminin ehtiyacları, transformatorlar, generatorlar və Rusiyanın hücumlarından sonra enerji obyektlərinin sürətli bərpası üçün avadanlıq tədarükü müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan 2022-ci ildən bəri Ukraynaya enerji sahəsində 11 yardım paketi təqdim edib.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Crossmedia.az-a açıqlama verib:

“Ukraynanın Azərbaycanın enerji sektoru ilə bağlı artan marağı təsadüfi deyil, bu, həm müharibə şəraiti, həm də Avropanın dəyişən enerji arxitekturası fonunda formalaşan strateji zərurətdir. Hazırkı mərhələdə Kiyev üçün enerji təhlükəsizliyi təkcə iqtisadi məsələ deyil, birbaşa dövlət dayanıqlılığı və hərbi-siyasi müqavimət qabiliyyətinin komponentidir. Bu baxımdan Azərbaycanla əməkdaşlıq Ukrayna üçün alternativ mənbələrin təmin olunması və Rusiya enerji asılılığından qalan boşluqların doldurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Ukraynanın hazırkı vəziyyətində Azərbaycanla enerji əməkdaşlığı üç əsas istiqamətdə olduqca vacibdir. Birincisi, enerji təchizatının diversifikasiyasıdır. Müharibə nəticəsində Ukraynanın enerji infrastrukturu ciddi zərər görüb və ənənəvi tədarük zəncirləri pozulub. Belə şəraitdə Azərbaycan nefti və qazı Ukrayna üçün sabit alternativ mənbə rolunu oynaya bilər. İkincisi, Avropa İttifaqının enerji strategiyası çərçivəsində Bakı ilə əməkdaşlıq Ukraynanı daha geniş regional enerji şəbəkəsinə inteqrasiya edir. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm oyunçulardan biridir və bu, Ukrayna üçün dolayı dəstək mexmizmi yaradır. Üçüncüsü isə siyasi-diplomatik ölçüdür. Azərbaycanla enerji əməkdaşlığı Kiyevin beynəlxalq legitimlik və tərəfdaşlıq şəbəkəsini genişləndirir ki, bu da xüsusilə müharibə dövründə strateji əhəmiyyət daşıyır”.
Y.Bağırzadə əlavə edib ki, Azərbaycan–Ukrayna enerji əməkdaşlığının yaxın illərdə bir neçə istiqamətdə inkişaf etməsi ehtimalı yüksəkdir:
“İlk növbədə, neft və neft məhsullarının tədarükünün artırılması və uzunmüddətli müqavilələrin bağlanması real görünür. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR vasitəsilə Ukraynanın yanacaq bazarına daha sabit çıxış təmin oluna bilər. İkinci istiqamət LNG və qaz diversifikasiyası ile bağlıdır. Ukrayna Avropa enerji sisteminə daha sıx inteqrasiya olunduqca, Azərbaycan qazının Avropa marşrutları üzərindən Ukraynaya ötürülməsi üçün tranzit mexanizmləri inkişaf edə bilər.
Bundan əlavə, bərpa olunan enerji sahəsində əməkdaşlıq da perspektivlidir. Ukraynanın müharibədən sonra enerji sistemini yenidən qurması tələb olunacaq və burada Azərbaycan investisiyaları, xüsusilə günəş və külək enerjisi layihələri üçün əməkdaşlıq imkanları yarana bilər. Eyni zamanda enerji infrastrukturunun bərpası, elektrik şəbəkələrinin modernləşdirilməsi və rəqəmsal enerji idarəetmə sistemləri üzrə birgə layihələr də gündəmə gələ bilər.
Ümumilikdə isə, Azərbaycan–Ukrayna enerji əməkdaşlığı sadəcə kommersiya əlaqəsi deyil, həm də geosiyasi adaptasiya modelidir.Ukrayna üçün bu əməkdaşlıq enerji dayanıqlığının təmin edilməsi deməkdirsə, Azərbaycan üçün Avropa enerji bazarında rolunun daha da möhkəmlənməsi və strateji tərəfdaşlıq şəbəkəsinin genişlənməsi deməkdir”.
Ayxan İbişov
17:34 03.06.2026
Oxunuş sayı: 106