Ən etimadlı hesab etdiyimiz jurnalistlər lüzumsuz yarışın iştirakçıları sırasındadır - Ekspert
Rəqəmsal medianın sürətlə inkişaf etdiyi, informasiya uğrunda rəqabətin daha da sərtləşdiyi müasir dövrdə media qurumları arasında oxucu və izləyici qazanmaq uğrunda mübarizə yeni problemlər ortaya çıxarıb. Xüsusilə sensasiyalı başlıqlar, şəxsi həyatın ifşasına yönəlmiş materiallar və etik çərçivələri aşan xəbərlər bir çox hallarda peşəkar jurnalistikanın prinsiplərini kölgədə qoyur. Bir çox hallarda isə sensassiyalı başlığa aldanan oxucu xəbərin içində dəxlisiz mətnlə qarşılaşır. Bəs media qurumlarını belə məzmunlara üstünlük verməyə vadar edən səbəblər nələrdir? Reytinq və oxunma sayı naminə etik normaların pozulması media mühitinə və cəmiyyətin informasiya sağlamlığına necə təsir göstərir?
Mövzu ilə bağlı Media eksperti Müşfiq Ələsgərli Crossmedia.az-a açıqlama verib:
“Rəqəmsal texnologiyaların, sosial şəbəkələrin sürətli inkişafı nəticəsində media bazarında auditoriya uğrunda rəqabət xeyli güclənib. Bu rəqabət bəzi hallarda media qurumlarını sövq edir ki, ictimai əhəmiyyət daşıyan məlumatlardan daha çox sensasiya potensialı yüksək olan xəbərləri paylaşsınlar. Məsələ ondadır ki, medianın əsas funksiyası cəmiyyəti məlumatlandırmaq, maarifləndirmək və ictimai müzakirələr üçün platforma yaratmaq olduğu halda, bəzən bu missiya “klik” və baxış sayı uğrunda mübarizənin kölgəsində qalır. Belə vəziyyətlərdə xəbərin ictimai əhəmiyyəti deyil, onun nə qədər oxunacağı və paylaşılacağı əsas meyara çevrilir. Nəticədə peşəkar jurnalistikanın dəqiqlik, obyektivlik, ictimai məsuliyyət və etik davranış kimi fundamental prinsipləri zərər görür”.

Ekspert əlavə edib ki, son illərdə hətta ən ciddi və etimadlı hesab etdiyimiz media subyektləri və jurnalistlər də bu lüzumsuz yarışın iştirakçıları sırasında görünürlər:
“Böyük-böyük media resursları, sosial şəbəkə platformaları ailədaxili münaqişələr, kriminal hadisələr, şəxsi həyatla bağlı detallar və ya etik baxımdan mübahisəli mövzular üzərindən auditoriya toplamağa çalışırlar. Nəzərə alımırlar ki, belə məzmun qısamüddətli dövrdə yüksək baxış və oxucu sayı qazandıra bilər. Lakin uzunmüddətli perspektivdə ictimai etimadın azalmasına, informasiya mühitinin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Diqqət yetirsək görərik ki, bu yanlış və neqativ prosesin nəticəsində auditoriyanın da zövqü korlanır, keyfiyyətli informasiya istehlakı vərdişləri aşağı düşür. Bu baxımdan hesab edirəm ki, artıq media qurumlarından daha məsuliyyətli davranış tələb etməklə yanaşı, həm də media savadlılığının artırılması, vətəndaşların keyfiyyətli xəbər alıcılıq vərdişlərinin inkişaf etdirilməsi lazımdır. Rəşad Məcidin səsləndirdiyi fikirlər medianın qarşısında duran strateji seçimi bir daha gündəmə gətirir: qısamüddətli populyarlıq naminə sensasiya dalınca getmək, yoxsa ictimai məsuliyyət prinsipinə sadiq qalaraq etibarlı, faydalı və keyfiyyətli informasiya istehsal etmək? Hesab edirəm ki, ciddi media subyekti üçün əsas meyar oxucu və ya baxış sayından əvvəl etibarın qorunması olmalıdır. Çünki media tarixinin də göstərdiyi kimi, auditoriya qazanmağın ən dayanıqlı yolu sensasiya deyil, peşəkarlıq və etibardır”.
Ayhan
14:08 03.06.2026
Oxunuş sayı: 46