Azərbaycanın İranla sərhədi gücləndirilir: Səbəb açıqlandı
Azərbaycan və İran arasında sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı istiqamətində növbəti mühüm görüş keçirilib. Tərəflər dövlət sərhədində mövcud vəziyyəti, sərhəd mühafizəsinin təşkili və regional nəqliyyat-kommunikasiya layihələrinin icrası ilə bağlı məsələləri geniş müzakirə ediblər.
İran ərazisində yerləşən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində keçirilən görüşdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və İranın Nizam-İntizam Qüvvələrinin Baş Komandanının müavini Qasım Rzainin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər. Görüş zamanı qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transsərhəd cinayətlərlə mübarizədə qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycan Dövlət Sərhəd Xidməti ilə İranın müvafiq qurumları arasında hər il mütəmadi olaraq görüşlər keçirilir və bu görüşlər çərçivəsində tərəfləri maraqlandıran məsələlər müzakirə olunur. Nəzərə alsaq ki, region kifayət qədər həssas geosiyasi və təhlükəsizlik mühitinə malikdir, həmçinin Azərbaycan–İran sərhəd xətti geniş ərazini əhatə edir, bu cür görüşlərin keçirilməsi zəruri xarakter daşıyır. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri general-polkovnik Elçin Quliyev ilə İran tərəfinin generalı arasında keçirilən son görüş Astara Dövlət Sərhəd-Buraxılış Məntəqəsinin İran ərazisində yerləşən hissəsində baş tutub. Qeyd etmək lazımdır ki, bu tip görüşlər əvvəlki illərdə də müxtəlif sərhəd istiqamətlərində keçirilib. Belə ki, Füzuli istiqamətində, Biləsuvar ərazisində yerləşən sərhəd-buraxılış məntəqəsində, eləcə də Naxçıvan Muxtar Respublikası istiqamətində bu cür görüşlər təşkil olunub. Hazırda işğaldan azad edilmiş ərazilərdə də gələcəkdə analoji sərhəd əməkdaşlığı formatlarının tətbiqi istisna edilmir. Ümumilikdə, bu görüşlər çərçivəsində sərhəd təhlükəsizliyi, qarşılıqlı fəaliyyətin koordinasiyası və operativ məsələlər müzakirə olunur. Tərəflər arasında müzakirə edilən bəzi məsələlər isə təbii olaraq ictimaiyyətə açıqlanmır".
O bildirib ki, Azərbaycan–İran sərhədində həm quru, həm də su sərhədi boyunca müxtəlif halların, o cümlədən sərhəd pozuntuları və qeyri-qanuni dövriyyə cəhdlərinin müşahidə olunması bu əməkdaşlığın vacibliyini artırır: "Son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması ilə yanaşı, yeni üsullardan – o cümlədən dronlar vasitəsilə qaçaqmalçılıq cəhdlərindən də istifadə olunduğu qeyd olunur. Bu baxımdan keçirilən görüşlər sırf texniki və operativ xarakter daşıyır və sərhəd təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Azərbaycan tərəfdən əsas səlahiyyətli qurum Dövlət Sərhəd Xidmətidir və bu formatda danışıqlar əsasən qurumun rəhbərliyi və ya Sərhəd Qoşunlarının səlahiyyətli nümayəndələri səviyyəsində həyata keçirilir. Ümumilikdə, bu görüşlər mütəmadi xarakter daşıyır və tərəflər arasında sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın davamlılığını təmin edir".
Elmir Heydərli
10:37 03.06.2026
Oxunuş sayı: 74