Ermənistanın diplomatik taktikası: Sülh sazişi niyə seçkilərdən sonraya qaldı?
Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar region ölkələrini daha praqmatik addımlar atmağa sövq edir. Bu fonda Ermənistan rəhbərliyinin Bakı və Ankara ilə münasibətləri prioritet elan etməsi İrəvanın real vəziyyəti dərk etdiyini göstərir. Otuz illik təcrid qonşuları ilə normal əlaqələrin qurulmasını Ermənistan üçün artıq alternativsiz bir zərurətə çevirib. İrəvanın regional layihələrə qoşulması onun Rusiya və ya Qərblə olan münasibətlərindən qat-qat daha həyati əhəmiyyət kəsb edir. Hazırda diqqətlər yaxınlaşan seçkilərə yönəlsə də, sülh müqaviləsinin səsvermədən sonraya saxlanılması baş nazir Nikol Paşinyanın daxili riskləri azaltmaq taktikasıdır. Seçkilərdən sonra Paşinyan hakimiyyətinin möhkəmlənməsi yekun sülh sazişinin imzalanması üçün əsas maneələri ortadan qaldıracaq. Nəticədə, seçki sonrasındakı dövr regionda uzunmüddətli sabitliyin qurulması üçün qətiyyətli addımların atılacağı tarixi bir mərhələ olacaq.
Məsələ ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib:

"Paşinyan Azərbaycan və Türkiyə ilə daha yaxşı münasibətləri prioritet adlandırmaqla olduqca praqmatik və reallığa əsaslanan bir mövqe tutduğunu nümayiş etdirir. Həqiqətən də, Ermənistanın bu gün Azərbaycan və Türkiyə ilə mümkün qədər yaxşı münasibətlər içində olmasının heç bir alternativi yoxdur. Bu münasibətlərin yaxşı səviyyədə olması Azərbaycan və Türkiyə üçün əhəmiyyətli olduğundan qat-qat artıq dərəcədə Ermənistana lazımdır. Biz, türk dövlətləri olaraq Ermənistansız da ötüşə bilərik və bunu 30 illik Ermənistan düşmənçiliyi şəraitində nümayiş etdirdik. Bu müddət göstərdi ki, normal əlaqələr daha çox Ermənistanın xeyrinədir, münasibətlərin pis olmasından isə ən çox elə Ermənistanın özü ziyan görür.
Buna görə də Paşinyanın bu ifadəsini reallığı dərk edən və ağıllı bir siyasət aparmaq istəyən dövlət xadiminin davranışı hesab etmək olar. Çünki Paşinyan yaxşı başa düşür ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanı regional dalan vəziyyətindən çıxarıb, ona böyük inkişaf perspektivləri qazandıracaq. Hətta tam əminliklə demək olar ki, bu gün Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşı olması, onun Rusiya və Qərb ölkələri ilə əlaqələrindən qat-qat vacibdir. Azərbaycan və Türkiyə Ermənistan üçün həyati əhəmiyyətli regional tərəfdaşlar ola bilər.
Aydın məsələdir ki, münasibətlərin yaxşılaşdırılması fonunda sülh sazişinin imzalanması üçün böyük perspektivlər var. Hazırda bu sazişin imzalanması üçün ən son maneələrin ortadan qalxmasına sayılı günlər qalır. Paşinyan, təbii ki, İrəvanda keçiriləcək seçki qələbəsinə əmindir. Biz də təhlillər aparan şəxslər olaraq görürük ki, müxalifətin Paşinyanı üstələmək şansları yetərli deyil. Seçkilərin keçirilməsindən sonra Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması yönündə, demək olar ki, praktik şəkildə heç bir maneə qalmayacaq.
Əslində, indi də sülh sazişinin imzalanmasına ciddi bir maneə yoxdur. Sadəcə olaraq, Ermənistan rəhbərliyi taktik tərəfdən seçkiləri sülh sazişinin imzalanmasından əvvəlki vacib bir mərhələ hesab edir. Onlar hesab edirlər ki, sülh sazişinin imzalanması seçkilərdən sonra daxili siyasi risklər azaldığı üçün daha real və təhlükəsiz olacaq. Buna görə də Paşinyanın seçkilərdən sonra Azərbaycanla sülh sazişi imzalanması yönündə daha ardıcıl və qətiyyətli olacağını gözləyirik.
Bu, Ermənistanın gələcəyi üçün olduqca vacibdir. Sülh sazişinin imzalanması üçün Ermənistanın hazırda atdığı addımlar onun ciddi bir dövlət planına əsaslanır. Paşinyanın seçkilərə qədər sülh sazişinin imzalanması yönündə sonuncu qəti addımı atmayacağı onsuz da öncədən məlum idi. Bu, onun taktikası və düşünülmüş planıdır. Seçkidən sonra isə Paşinyanın sülh sazişi imzalaması yolunda artıq heç bir bəhanəsi və maneəsi qalmayacaq".
Turqut Ansari
17:07 02.06.2026
Oxunuş sayı: 58