Zakir Həsənov Gürcüstana getdi: Regionda nə baş verir?
Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri son illərdə bütün istiqamətlər üzrə dinamik şəkildə inkişaf edir. Xüsusilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi regionda sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Gürcüstana səfəri və keçirdiyi görüşlər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş növbəti addım kimi qiymətləndirilir. Səfər çərçivəsində aparılan müzakirələr tərəflərin müdafiə sahəsində əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını bir daha nümayiş etdirib.
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlama verib:

“Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə, o cümlədən müdafiə, hərbi-texniki əməkdaşlıq, təhsil və təhlükəsizlik istiqamətlərində münasibətlər artan dinamika ilə inkişaf edir. İki ölkə arasında strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb və bu əməkdaşlıq davamlı şəkildə genişlənir. Münasibətlərin inkişafı fonunda təhlükəsizlik sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Gürcüstan arasında bu istiqamətdə müxtəlif əməkdaşlıq proqramları və fəaliyyət planları həyata keçirilir. Hər iki ölkə mütəmadi olaraq birgə hərbi təlimlər keçirir ki, bu da iştirakçı şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və qarşılıqlı fəaliyyət imkanlarının artırılmasına xidmət edir. Eyni zamanda, hərbi təhsil müəssisələri arasında geniş təcrübə mübadiləsi aparılır, kadr hazırlığı sahəsində əməkdaşlıq inkişaf etdirilir. Digər mühüm məqam ondan ibarətdir ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir sıra neft və qaz kəmərləri Azərbaycan və Gürcüstan ərazisindən keçir. Bu səbəbdən hər iki ölkənin silahlı qüvvələri regional və qlobal əhəmiyyət daşıyan enerji və nəqliyyat infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz imkanlarını daha da gücləndirirlər. Bununla yanaşı, Azərbaycan və Gürcüstanın hərbi qurumları arasında informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, hərbi tibb, hərbi hüquq və digər sahələr üzrə əməkdaşlıq da inkişaf edir. Bu istiqamətlərdə mütəmadi işgüzar görüşlər keçirilir, təcrübə və məlumat mübadiləsi aparılır ki, bu da iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir”.
Ayhan
16:59 02.06.2026
Oxunuş sayı: 56