907-ci düzəlişin tamamilə ləğvi gözlənilir
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktubda iki ölkə arasında əməkdaşlığın inkişafına verilən dəstəyə görə minnətdarlığını ifadə edib. Dövlət başçısı xüsusilə Azadlığa Dəstək Aktının 907-ci bölməsinin tətbiqinə istisnanın uzadılması qərarını yüksək qiymətləndirərək, bunun Azərbaycan-ABŞ münasibətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, sözügedən qərar regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının fikrincə, qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur.
Məsələ ilə Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş uzun illər ərzində ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərərək əlaqələrin tam potensialı ilə inkişaf etməsinə mane olub. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın həmin düzəlişin tətbiqinin dayandırılması ilə bağlı memorandum imzalaması iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Ümid edirik ki, Donald Trampın prezidentliyi dövründə bu proses daha da irəliləyəcək və nəticə etibarilə 907-ci düzəlişin tamamilə ləğvinə gətirib çıxaracaq. Çünki həm ABŞ-nin, həm də Azərbaycanın strateji maraqları bunu zəruri edir.
Eyni zamanda, ABŞ prezidentinin bu qərarı şəxsi imzası ilə təsdiqləməsi və Azərbaycan Prezidentinin həmin addımı yüksək qiymətləndirməsi təkcə dövlətlərarası münasibətlərin deyil, həm də iki ölkə lideri arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin göstəricisi hesab oluna bilər".
O bildirib ki, diplomatiya emosiyalardan çox praqmatik maraqlara söykənir: "Lakin hər iki liderin ölkələrarası əməkdaşlığın inkişafına töhfə vermək istiqamətində atdığı addımlar Azərbaycan və ABŞ arasında daha strateji və uzunmüddətli tərəfdaşlığın formalaşdırılması niyyətindən xəbər verir. Azərbaycan Prezidentinin Donald Trampa ünvanladığı təşəkkür də məhz bu kontekstdə dəyərləndirilməlidir".
Elmir Heydərli
12:47 02.06.2026
Oxunuş sayı: 62