Vaşinqtonun Bakı gündəliyi - Zəngəzur dəhlizi, enerji və strateji tərəfdaşlıq
ABŞ dövlət katibinin köməkçisi Kaleb Orrun Azərbaycana səfəri Vaşinqton-Bakı münasibətlərinin gələcək perspektivləri baxımından diqqət çəkən hadisələrdən biri hesab olunur.
Son dövrlərdə iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, enerji təhlükəsizliyi, regional nəqliyyat layihələri və təhlükəsizlik məsələləri əməkdaşlığın əsas istiqamətləri kimi ön plana çıxır.
Ekspertlər hesab edirlər ki, səfər çərçivəsində Azərbaycan-ABŞ münasibətlərinin hazırkı vəziyyəti, Orta Dəhliz və Zəngəzur dəhlizi layihələri, enerji əməkdaşlığı, regional təhlükəsizlik məsələləri, eləcə də Cənubi Qafqazda davam edən proseslər müzakirə oluna bilər.
Bəs Kaleb Orrun səfərinin əsas məqsədi nədir və bu gün Azərbaycan-ABŞ münasibətləri hansı mərhələdədir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a açıqlama verib:

“ABŞ Dövlət katibinin köməkçisinin Azərbaycana səfəri mühüm hadisədir. Çünki son dövrlərdə ABŞ-Azərbaycan münasibətləri müsbət trayektoriya üzrə inkişaf edir. Bu münasibətlər çərçivəsində həm Zəngəzur dəhlizi məsələsi, həm də ikitərəfli və çoxtərəfli gündəlikdə yer alan digər mövzular xüsusi əhəmiyyət daşıyır.
ABŞ Azərbaycanı Mərkəzi Asiyaya açılan qapı, eyni zamanda Xəzər dənizi hövzəsində və Cənubi Qafqazda əsas açar ölkələrdən biri kimi qiymətləndirir. Azərbaycanın iştirakı olmadan nə ABŞ-nin, nə də ümumilikdə Qərbin və Avropa İttifaqının Mərkəzi Asiyada, Cənubi Qafqazda və Xəzər hövzəsində həyata keçirməyə çalışdığı layihələrin tam şəkildə reallaşdırılması mümkün deyil.
Belə layihələr Azərbaycanın iştirakı olmadan effektiv nəticə verə bilməz. Zəngəzur dəhlizinin açılması ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçməsinə təkan verə bilər. Çünki Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm komponentlərindən biridir.
Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi, yükdaşıma imkanlarının və tranzit dövriyyəsinin artması Azərbaycana əlavə iqtisadi dividendlər, siyasi nüfuz və strateji üstünlüklər qazandırır. Bu baxımdan, ABŞ da Azərbaycanı regionun güclü və etibarlı oyunçularından biri kimi görür”.
Deputat əlavə edib ki, digər mühüm məsələ Azərbaycanın iştirak etdiyi Cənub Qaz Dəhlizi layihəsidir:
“TANAP və TAP kimi layihələr Azərbaycanın Avropa bazarlarına birbaşa çıxışını təmin edir, ölkənin ixrac potensialını gücləndirir. Eyni zamanda, Mərkəzi Asiyanın zəngin enerji resurslarının Qərb bazarlarına çatdırılması baxımından Azərbaycan əsas tranzit marşrut rolunu oynayır.
Hesab edirəm ki, bu mövzular da ABŞ Dövlət katibinin köməkçisinin səfərinin gündəliyində yer alacaq. Bununla yanaşı, Azərbaycan həm Rusiya-Ukrayna müharibəsi, həm də Yaxın Şərqdə və İran ətrafında baş verən gərginliklər fonunda regionun ən sabit və təhlükəsiz ölkələrindən biri kimi ön plana çıxır.
Azərbaycan bu coğrafiyada təhlükəsizlik və sabitlik mühiti yarada bilmiş nadir dövlətlərdəndir. Məhz buna görə ABŞ, Avropa İttifaqı, Çin və digər böyük güclər öz regional layihələrinin mühüm hissəsini Azərbaycan üzərindən qurmağa çalışırlar.
Ona görə də ABŞ Dövlət katibinin köməkçisinin səfəri zamanı bütün bu məsələlərin müzakirə olunacağı gözləniləndir. Ümumilikdə isə bu proseslər Azərbaycanın siyasi nüfuzunun, iqtisadi imkanlarının və beynəlxalq əhəmiyyətinin daha da artmasına xidmət edir”.
Ayhan
13:15 01.06.2026
Oxunuş sayı: 50