Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub
Mayın 31-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı keçirilib.
Crossmedia.az xəbər verir ki, festivalın əsas məqsədi istedadlı uşaqları tanıtmaq, onların böyük səhnəyə çıxışını təmin etmək və peşəkar sənətçilərlə birgə yaradıcılıq layihələrinə cəlb etməkdir. Layihə, eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə reallaşdırılır.
Akademik Filarmoniyada keçirilən açılış mərasimində çıxış edən Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadə festivalın uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, bu cür layihələr gələcəyin sənətkarlarının formalaşmasına təkan verir və uşaqlar arasında incəsənətə marağın daha da artmasına xidmət edir.
Festival çərçivəsində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının (direktor-baş dirijor Mustafa Aşurov, baletmeyster Ceyhun Qubadov, menecer Elçin Abbasov) və Dövlət Uşaq Filarmoniyasının rəqs qrupları eyni səhnəni bölüşüb.
Proqramda, həmçinin Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı və solistləri çıxış ediblər. Ansamblın bədii rəhbəri Qönçə Mehdiyevadır.
Konsert proqramı ilə yanaşı, gənc istedadların rəsm və əl işlərindən ibarət sərgi də tamaşaçılara təqdim olunub.
21:33 31.05.2026
Oxunuş sayı: 51