Azərbaycandan Ermənistsna böyük jest- Partiya sədri şərh etdi
Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib. Bu, regionda nəqliyyat-kommunikasiya xətlərinin istifadə dinamikasının davam etdiyini göstərir. Sözügedən tranzit marşrut Cənubi Qafqazda yükdaşımaların yönünün və intensivliyinin dəyişməsi fonunda diqqət çəkir. Son dövrlərdə region ölkələri arasında logistik əlaqələr daha çox aktuallıq qazanmaqdadır. Bu cür daşımalar həm iqtisadi, həm də siyasi baxımdan regional proseslərə təsir edən amillər sırasında yer alır.
İqtisadçı - ekspert, REAL partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:

“Siyasi və geosiyasi əhəmiyyət hazırkı mərhələdə iqtisadi əhəmiyyətdən hələlik daha yüksəkdir. Çünki bu tranzit yükdaşıma layihələrinin hazırkı dövrdə böyük gəlir potensialı yoxdur və daşınan yüklərin həcmləri də nisbətən məhduddur. Buna görə də prosesin əsas çəkisi iqtisadi deyil, daha çox geosiyasi məzmun daşıyır. Geosiyasi əhəmiyyət isə xüsusilə sülh prosesinin davamlılığından və regionda sabitliyin qorunmasından irəli gəlir. Bu da Azərbaycanın coğrafi mövqeyi baxımından logistik mərkəzə çevrilmək potensialını daha da gücləndirir. Azərbaycan həqiqətən də regionun əsas tranzit ölkələrindən birinə çevrilməkdədir və Şərqi Qərblə birləşdirən mühüm logistik mərkəz funksiyasını formalaşdırır”.
N.Cəfərli əlavə edib ki, sülh prosesinin normallaşmasının davam etməsi bu istiqamətdə həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından çox böyük və ciddi əhəmiyyət daşıyır.
Fatimə Məmmədova
19:13 30.05.2026
Oxunuş sayı: 59